AZ

Bu kənddə hava soyuyan kimi gözəllikdən əsər-əlamət qalmır – FOTO

Havaların soyuması ilə mavi yanacağı olmayan yaşayış məntəqələrində sakinlərin qış qayğıları başlayır. Bu da ola dağlıq və dağətəyi kəndlər. Hansı ki, orada qış azı 6, bəzən də 8 aya kimi davam edir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, belə kəndlərdən biri Qaxın Zərnə kəndidir.

Bu kənd ki, əsrarəngiz təbiətə, relyefə malikdir.

Di gəl ki, sakinlər illərlə tikib qurduqları evlərini istidə bilmir, odun yanacağına çox vəsait tələb olunur deyə, evlərini bəzən tərk edib başa yerə köçürlər. 

Hər tərəfi dağlarla əhatələnən Zərnə kəndi qış fəslində, qar yağanda daha gözəl və əsrarəngiz görünür.  Kənd sanki dərin bir yuxuya gedib. Evlərin bacasından çıxan tüstüyə görə müəyyən etmək olur ki, orada yaşayış var. 


Kənardan baxan, müşahidə edən elə zənn edər ki, burada sakinlərin odun-ocaq sarıdan heç bir qayğısı yoxdur. Təssüf ki, elə deyil. Kənddə dağ yollarına kameralar quraşdırıldığından hər bir hərəkət qeydə alınır. Mavi yanacaq yoxdursa deməli insanlar küllü miqdarda pul xərcləyib odun almalıdır. 

Kəndi aşağıdan yuxarı gəzə-gəzə gəlib çatırıq Vüqar Şirinovun qapısına... 

Məlum olur ki, oduna pul çatdıra bilməyən sakin bu günlərdə həyətindəki daha iki bar verən ağacları kəsdirib. “Bizim kəndimiz hər tərəfi dağlarla əhatə olunan gözəl bir məkanda yerləşir. Lakin havalar soyuyan kimi o gözəllikdən əsər-əlamət qalmır. Hər kəsin odun-ocaq qayğısı başlayır. Hazırda oduna bilet almaq üçün 150 manat ödəsək də, odun evə çatana kimi 450-500 bəzən daha çox xərcimiz çıxır”, - deyən kənd sakini hər kəsin odun almağa pulu yetmədiyini də əlavə edir.


Kəndin bir neçə yerində dayanaraq sakinlərlə qaz problemi haqda danşarkən diqqətimizi bir məsələ cəlb edir. Belə ki, bəziləri həyətində kəsdikləri ağac yerlərini göstərmək istəmir. Çəkinirlər, ekologiyadan gəlib onları cərmələyəcəklər deyə. Lakin problemdən yorulanlar da az deyil. 

Kənd sakini, təqaüdçü Hacıəli Abdurahmanov bildirir ki,  onun odun üçün bileti olsa da, dağa getmək vəziyyətində deyil. Bu səbəbdən odun üçün mütləq fəhlə tutmalı və əlavə qüvvə cəlb etməlidir. Bu isə belə ailələrə odunun daha başa gəlməsinə səbəb olur.

Zərnə kəndində sakinlərin sosial problemləri az deyil.

Lakin kimi danışdırdıqsa, kimə müraciət etdiksə bir arzu, bir istəklərini - qaz xəttinin çəkilməsini xahiş etdilər. 


Kənd icra nümayəndəliyi də sakinlərin illərlə gözlədiyi bu sosial qayğıdan xəbərdar olduqlarını, rayon rəhbərliyi səviyyəsində müvafiq təşkilatlar qarşısında rəsmi məsələ qaldırıldığını bildirdilər. 

Məsələ ilə bağlı saytımıza “Azəriqaz” İB-dən bildirildi ki, qazlaşma proqramı Birliyin daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Qax rayonunun Zərnə kəndinə gəldikdə isə bu kəndə küçə qaz xətlərinin çəkilişi işlərinə növbəti mərhələlərdə baxıla bilər.














Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
7
16
bizim.media

10Mənbələr