AZ

Sabirabadın bu kəndinin rayon mərkəzi ilə əlaqəsi itib VİDEO

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda regionların inkişafı ilə əlaqədar dövlət proqramı mövcud olsa da, bunun icrası ilə bağlı problemlər hələ də yaşanır. Elə bölgələrimiz var ki, həqiqətən də müasir infrastruktur qurulur, yollar, salınır, ictimai-iaşə obyektləri tikilir, kommunal xidmətlər yaxşılaşdırılır. Ancaq təəssüflər olsun ki, bu cür regionların sayı çox azdır və əsasən bölgələrin əhalisi acınacaqlı vəziyyətdə yaşamağa məcburdur.

Belə bölgələrdən biri də Sabirabad rayonudur ki, orada əhali infrastrukturun olmamasından ilboyu gileylənir. KONKRET.az-ın redaksiyasına daxil olan növbəti şikayət məktubu da məhz Sabirabadın Qaratəpə (Qaratogay) kənd sakinləri tərəfindən yazılıb.

Məktubda illərdir həllini tapmayan yol problemi xüsusilə qabardılır. Vətəndaş Əhmədli Ələmdar Səməndər oğlu kəndin əsas ara yolunun artıq 7 ildən çoxdur bərbad vəziyyətdə olduğunu və bunun sakinlərin hərəkətini çətinləşdirdiyini deyir. Ylsuzluğun onların gündəlik həyatınını iflic vəziyyətə saldığını bildirib.

Onun sözlərinə görə, bu illər ərzində aidiyyəti qurumlara dəfələrlə həm yazılı, həm də şifahi müraciətlər edilsə də, problemə real yanaşma sərgilənməyib. Şikayətçi qeyd edir ki, hər dəfə müraciətlərə formal şəkildə “baxılacaq” cavabı verilib. Bu da onu göstərir ki, Sabirabad rayon İcra Hakimiyyətinin rəhbərliyi vətəndaşların problemlərinə biganə yanaşır və vətəndaş məmnunluğu onlar üçün prioritet təşkil etmir.

Sakinlərin sözlərinə görə, yolun vəziyyəti xüsusilə payız və qış aylarında daha da ağırlaşır, yağış yağdıqda palçıqdan keçilməz sədlər yaranır, böyük gölməçələr isə kəndə giriş-çıxış tamamilə iflic edir.

“Yol o qədər bərbad vəziyyətdədir ki, uşaqlarımızı məktəbə aparmaq mümkün olmur. Avtomobillər batır, insanlar saatlarla yolda qalır. Yağışlı günlərdə kənd faktiki olaraq rayon mərkəzi ilə əlaqəsini itirir. Ailəmizdə xəstə var, təcili tibbi yardım maşını belə kəndə daxil ola bilmir”, – deyə Ələmdar Əhmədli vurğulayıb.

Sakinlərin sözlərinə görə, yol probleminin illərdir həll olunmaması təkcə məişət çətinliyi yaratmır, həm də uşaqların təhsildən geri qalmasına səbəb olur. Bir çox şagird dərsə vaxtında gedə bilmir, bəziləri isə ümumiyyətlə təhsildən kənarda qalır. Bu vəziyyət kənd sakinlərinin haqlı narazılığına səbəb olub.

Qaratəpə kənd sakinləri hesab edirlər ki, problemləri ilə bağlı məsul qurumlar biganə münasibət göstərir və verilən vədlər yalnız kağız üzərində qalır. Onlar haqlı olaraq sual edirlər: illərdir toplanan yol vergiləri, ayrılan vəsaitlər hara xərclənir və niyə kəndin ən vacib infrastrukturu diqqətdən kənarda saxlanılır? Sakinlərin əsas tələbi yolun təcili şəkildə təmir edilməsi və kənddə normal yaşayış şərtlərinin bərpa olunmasıdır. İllərdir səssiz qalan Qaratəpə kəndinin sakinləri ümid edirlər ki, mətbuat vasitəsilə səsləri nəhayət eşidiləcək və məsul qurumlar problemin həllinə ciddi yanaşacaq. Əks halda, kəndin sosial vəziyyətinin daha da ağırlaşacağı qaçılmazdır.

Problemlə əlaqədar Sabirabad Rayon İcra Hakimiyyətinə rəsmi sorğu ünvanladıq. Eyni zamanda icra hakimiyyətinin rəsmi internet ünvanında göstərilən əlaqə nömrələrinə zəng vurduq. Lakin bir həftə ərzində nə sorğumuza, nə də zənglərimizə cavab verildi. Buradan da görünür ki, İcra Hakimiyyəti rəhbərliyinin başı “daha vacib” işlərə qarışdığından, sakinlərin problemləri onları narahat etmir. Ancaq Sabirabad rayon rəhbərliyi unutmamalıdır ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında, “Məmurlar xalqın xidmətçisidir” ifadəsini işlədib və sakinlərin problemlərinə həssas yanaşmağı tapşırıb. Ümid edirik ki, rayon rəhbərliyi məsələnin işıqlandırılmasından sonra həsas yanaşma sərgiləyəcək və yol probleminin həlli istiqamətində müvafiq addımlar atılacaq.

https://konkret.az/cloud/uploads/2026/01/WhatsApp-Video-2026-01-27-at-15.07.19.mp4

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
konkret.az

2Mənbələr