"Bir millət, iki dövlət olan Türkiyə və Azərbaycan faktiki olaraq vahid dövlət kimi hərəkət edir".
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Yunus Əmrə İnstitutunun təşkil etdiyi “Anadolu səhər yeməyi görüşü”ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu birlil türk dünyasında münasibətlərin inkişafında mühüm rol oynayır:
"“Bir millət, iki dövlət” anlayışının daşıyıcıları olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev türk dünyasının gələcəyi baxımından böyük rol oynayırlar".
Ötən il Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü xatırladan səfir daha sonra Türkoloji Qurultayın 100 iliyi ilə bağlı görüləcək işlərdən danışdı.
“2026-cı il Birinci Türkologiya Qurultayının 100 illiyinə təsadüf edir. Bu il dil, mədəniyyətimiz baxımından ortaqlığımızı vurğulamaqla, çox qiymətli bir ildir. Bu il başda Bakı olmaqla üzrə Türkoloji Qurultayın 100-cü ildönümü ilə bağlı mühüm tədbirlər, beynəlxalq konfranslar keçiriləcək. Akademik çevrələr, siyasətçilər həmin tədbirlərə qatılacaq. Bununla da ortaq gələcəyimiz üçün çalışma imkanı əldə edəcəyik”.
Birol Akgün Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin mədəni ölçüsünə diqqət çəkərək bildirib ki, Türkiyə və Azərbaycanın ayrı-seçkisi yoxdur:
"Ancaq bir-birimizi daha yaxından tanımalı, daha yaxşı anlamalıyıq. Ümid edirəm ki, qarşıdakı illərdə də türk dünyası daha böyük əməkdaşlıqlara imza atacaq. İsmayıl Qaspıralının irəli sürdüyü, türk dünyasının ortaq ədəbi dilə, düşüncə tərzinə və fəaliyyət birliyinə çatmasını hədəfləyən "dildə, fikirdə, işdə birlik" şüarı reallığa çevriləcək".
Qeyd edək ki, Anadolu səhər yeməyi proqramında Türkiyənin Bakıdakı səfiri Birol Akgün, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəsi səfir Ufuk Turqanər, Azərbaycan mediasının tanınmış jurnalistləri iştirak ediblər.