AZ

Təmraz Tağıyev: Türk dövlətlərinin bələdiyyələri arasındakı əlaqələrin genişlənməsi dostluğumuzu daha da möhkəmləndirir

Bakı, 29 yanvar, AZƏRTAC

Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin növbəti toplantısı Türkiyənin Qaziantep şəhərində Şahinbəy Bələdiyyəsinin ev sahibliyi ilə keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda Azərbaycan, Albaniya, Bosniya və Herseqovina, Şimali Kipr, Kosovo, Livan və Türkiyədən olan nümayəndələr iştirak ediblər. İclasda ölkəmiz Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və AŞBMA-nın məsləhətçisi Rövşən Məmmədovla təmsil olunub.

İdarə heyətinin iclasında çıxış edən Təmraz Tağıyev bildirib ki, hər il Türk Dünyası Bələdiyyələr Birliyinin dəstəyi ilə həyata keçirilən layihələrin və əməkdaşlıq imkanlarının sayı artmaqdadır və bu, Türk dövlətlərinin yerli idarəetmə orqanları arasında əlaqələrin daha da genişlənməsinə xidmət edir. O, bu istiqamətdə göstərilən dəstəyə görə Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altaya, TDBB-nin baş katibi Fahri Solaka və təşkilatın bütün üzblərinə təşəkkürünü ifadə edib.

T.Tağıyev qeyd edib ki, yerli idarəetmə orqanları cəmiyyətin gündəlik həyatına ən yaxın olan və vətəndaşların ehtiyaclarına ən operativ cavab verən inzibati strukturlardır. Bu baxımdan yerli səviyyədə qurulan güclü əməkdaşlıqlar bölgələrin davamlı inkişafının əsasını təşkil edir. O, bələdiyyələr arasında yerli tərəfdaşlıqla yanaşı, sərhədyanı əməkdaşlığın da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Azərbaycan bələdiyyələri qonşu bölgələrlə məlumat və təcrübə mübadiləsinin təkcə yerli idarəetmənin potensialını gücləndirmədiyinə, eyni zamanda, bölgələr arasında qarşılıqlı etimadı və sabitliyi artırdığına inanır. Birgə layihələr nəqliyyat, ətraf mühitin mühafizəsi, turizm və iqtisadi inkişaf kimi sahələrdə yeni imkanlar yaradır.

O əlavə edib ki, Azərbaycan Türk Dünyası Bələdiyyələr Birliyinin təsisçi üzvlərindən biridir və son 20 il ərzində Azərbaycan bələdiyyələri TDBB-nin dəstəyi ilə Türk dünyasının müxtəlif ölkələrinin bələdiyyələri ilə bir sıra uğurlu layihələr həyata keçirib. Bu layihələr çərçivəsində Türkiyə, Şimali Kipr, həmçinin Bosniya və Herseqovina bələdiyyələri ilə onlayn görüşlər təşkil olunub, bələdiyyə idarəetmə mexanizmləri üzrə bilik və təcrübə mübadiləsi aparılıb.

Qeyd olunub ki, ötən ilin sentyabr ayında Kipr Türk Bələdiyyələr Birliyi (KTBB) ilə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası arasında yerli idarəetmə sahəsində əməkdaşlığı nəzərdə tutan protokol imzalanıb. Bundan başqa, Azərbaycanın bir neçə şəhər bələdiyyəsi Türkiyə bələdiyyələri ilə qardaş şəhər münasibətləri qurub. T.Tağıyev bu cür təcrübələrin digər türk dövlətlərinin bələdiyyələri ilə də davam etdiriləcəyinə ümidvarlığını bildirib.

Sonda vurğulanıb ki, türk dövlətlərinin bələdiyyələri arasında artan əməkdaşlıq xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə, gələcəkdə isə daha təhlükəsiz və dayanıqlı bir bölgənin formalaşmasına mühüm töhfə verir. Azərbaycan bələdiyyələri dövlətin siyasətinə uyğun olaraq Türk dövlətlərinin yerli idarəetmə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsini prioritet hesab edir. Bu istiqamətdə Azərbaycan bələdiyyələri birgə layihələrə və təcrübə proqramlarına töhfə verməyə davam edəcəklər.

İdarə heyətinin iclasında gündəlikdə olan bir sıra məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Seçilən
12
1
azertag.az

2Mənbələr