"Türk dövlətlərinin bütün istiqamətlər üzrə, 21-ci əsrin reallıqlarına uyğun şəkildə münasibətlərini inkişaf etdirməsi, beynəlxalq müstəvidə birgə hərəkət etmək üçün ortaq mövqe formalaşdırması baxımından olduqca mühüm bir dövrdən keçirik.
Ələlxüsus "Bir millət, iki dövlət" anlayışının daşıyıcıları olan prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin türk dünyasının gələcəyi naminə proseslərdə oynadıqları rolu xüsusi vurğulamaq lazımdır".
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün deyib.
O bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən sonuncu zirvə görüşündə bu istiqamətdə bir çox mühüm bəyannamələr imzalanıb:
"2026-cı il Birinci Türkologiya Qurultayının (1926-cı ildə keçirilən - red.) 100 illiyinə təsadüf edir. Bu il dil və mədəniyyət sahəsində ortaq əlifbanın istifadəsinin genişləndirilməsi ilə bağlı siyasi iradənin ortaya qoyulduğu əlamətdar bir dövr olacaq. Başda Bakı olmaqla, Türkologiya Qurultayının 100 illiyi münasibətilə bir sıra mühüm beynəlxalq tədbirlər keçiriləcək. Türk dünyasının müxtəlif ölkələrindən akademiklər və siyasətçilər bu tədbirlərdə iştirak edəcəklər. Beləliklə, ortaq gələcəyimiz naminə birlikdə çalışma imkanı əldə edəcəyik".
"Türkiyə ilə Azərbaycan arasında ayrıseçkilik yoxdur. Ümid edirəm ki, qarşıdakı illərdə də türk dünyası daha böyük əməkdaşlıqlara imza atacaq. İsmayıl Qaspıralının irəli sürdüyü, türk dünyasının ortaq ədəbi dilə, düşüncə tərzinə və fəaliyyət birliyinə çatmasını hədəfləyən "Dildə, fikirdə, işdə birlik" şüarı reallığa çevriləcək" - deyə, səfir vurğulayıb.
"Cebheinfo.az"