AZ

Zəngəzur dəhlizi: Revanşist qüvvələrin siyasi iflasının göstəricisi - ÖZƏL

"Dağlıq revanşist qüvvələrin Zəngəzur dəhlizinə qarşı aqressiv mövqeyi səbəbsiz deyil. Bu münasibət onların Ermənistanın siyasi həyatında faktiki məğlubiyyətə uğramalarının açıq göstəricisidir. Həmin qüvvələr yaxşı anlayırlar ki, Zəngəzur dəhlizinin işə düşməsi onların Ermənistanın daxili siyasətində yenidən aparıcı mövqelərə qayıtmaq şanslarını tamamilə aradan qaldırır."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Çünki Zəngəzur dəhlizinin açılması həm regionda, həm də Ermənistanın siyasi sistemində tamamilə yeni bir reallıq formalaşdırır və bu reallığın möhkəmlənməsi revanşist qüvvələrin maraqlarına ziddir. Vaxtilə Ermənistan ərazisindən Naxçıvana gedən dəmir yolunun dayandırılması da məhz bu qüvvələrin təşəbbüsü ilə baş vermişdi. Bu gün isə eyni çevrələr həmin dəmir yolunun yenidən açılmasına qəti şəkildə qarşı çıxırlar.

Eyni zamanda, Köçəryanın və digər revanşist siyasi qrupların mövqeyi birbaşa Kreml xətti ilə uzlaşır. Rusiya Zəngəzur dəhlizinin Tramp layihəsi çərçivəsində açılmasında maraqlı deyil və bütün imkanları ilə bu prosesin əleyhinə çıxmağa çalışır. Çünki bu layihənin reallaşması bölgədə Rusiyanın təsir imkanlarının ciddi şəkildə zəifləməsi deməkdir.

Lakin Rusiya açıq şəkildə Tramp layihəsinə qarşı çıxmaq imkanına malik olmadığından, bu mövqeyini Köçəryan və Sarkisyan kimi proksi fiqurlar vasitəsilə ifadə etməyə çalışır. Ancaq aydındır ki, əgər Rusiya özü bu layihənin qarşısını ala bilmirsə, Köçəryan və Sarkisyan kimi fiqurların bunu bacarması mümkün deyil.

Bu baxımdan, Köçəryanın Tramp və Zəngəzur dəhlizi əleyhinə səsləndirdiyi fikirlər bölgədəki real proseslərə ciddi təsir göstərə bilməz. Bu cür bəyanatlar yalnız Ermənistan daxilində fəaliyyət göstərən revanşist qüvvələrin əsl mahiyyətinin üzə çıxması baxımından əhəmiyyət daşıyır. Artıq bilməyənlər də aydın şəkildə görür ki, Köçəryan da daxil olmaqla bu qüvvələr Zəngəzur dəhlizinin açılmasını istəmirlər.

Çünki Zəngəzur dəhlizinin açılması bölgədə sülh prosesinin dönməz xarakter almasının növbəti təsdiqidir. Sülhün dönməz olması isə Köçəryan, Sarkisyan və digər revanşist qüvvələrin maraqlarına tam ziddir.

Nəticə etibarilə, Köçəryanın və ona yaxın siyasi dairələrin bu cəhdləri bölgədə sülh prosesinə mane ola bilməz və Zəngəzur dəhlizinin açılmasının qarşısında hər hansı ciddi əngəl yarada bilməz."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
12
olaylar.az

10Mənbələr