“Başakşəhər”in hücumçusu Eldor Şomurodov 2025-ci il üçün Özbəkistanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb.
Arena.az xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Özbəkistan milli komandasına tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazandırmış Timur Kapadze isə ilin ən yaxşı məşqçisi seçilib.
Xatırladaq ki, Şomurodov 2019 və 2021-ci illərdə də Özbəkistanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb.
Xatırladaq ki, Eldor Şomurodov “Başakşəhər”ə 2025-ci ilin yayında İtaliyanın “Roma” klubundan icarə müqaviləsi əsasında keçib. Türkiyə klubu hücumçunu cari mövsümün sonunadək satınalma şərti ilə heyətinə qatıb. Bir mövsümlük icarə üçün “canavarlar”a 3 milyon avro ödənilib. Müqaviləyə 2,7 milyon avro məbləğ müqabilində satınalma maddəsi də daxil edilib.
30 yaşlı forvard “Başakşəhər”in heyətində 27 oyun keçirib, 13 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Şomurodov 2021-ci ildən formasını geyindiyi “Roma”nın heyətində də 85 oyun keçirib, 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Şomurodovun “Roma” ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var.
Özbək hücumçu daha öncə “Spetsiya” və “Kalyari”də də icarədə olub. Özbək forvard “Roma”dan əvvəl də “Rostov”, “Bunyodkor”, “Maşal” və “Cenoa” kimi klubların formasını geyinib.
Təcrübəli hücumçu 2015-ci ilin sentyabr ayında debüt etdiyi Özbəkistan milli komandasının heyətində 88 oyun keçirib. 29 yaşlı forvard bu görüşlərdə 43 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı özbək hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.
