AZ

Lukas Paketa “Flamenqo”ya qayıtdı – Rəsmi – ARENA.AZ

“Vest Hem”in 28 yaşlı braziliyalı hücumameyilli yarımmüdafiəçisi Lukas Paketa bundan sonra “Flamenqo”nun uğurları üçün çalışacaq.

Arena.az bu barədə Braziliya klubunun rəsmi saytına istinadən məlumar verir.

Sözügedən klub bu transfer üçün 42 milyon avrosundan keçib. Paketa köhnə-yeni klubu ilə 2030-cu ilin sonunadək müqavilə bağlayıb.

Xatırladaq ki, Lukas Paketa “Flamenqo”nun məzunudur. Braziliyalı futbolçu Avropada debütünü – 2019/2020-ci illər mövsümünü “Milan”da keçirdikdən sonra 2020-ci ilin sentyabr ayında 23,44 milyon avro məbləğ müqabilində Lion “Olimpik”inə keçib. “Vest Hem” Paketanı 2022-ci ilin avqustun ayında Lion “Olimpik”indən 42,95 milyon avro məbləğ müqabilində öz heyətinə qatmışdı. Braziliyalı futbolçunun London klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Paketa “çəkicdöyənlər”in aparıcı oyunçusu idi. O, cari mövsümdə “Vest Hem” üçün 19 oyun keçirib, 5 qol vurub, 1 məhsuldar ötürmə verib. Paketanın İngiltərə klubunun heyətində çıxışının ümumi mənzərəsi 139 oyun, 23 qol və 15 məhsuldar ötürmədən ibarətdir.

Paketa 2018-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 61 oyuna çıxıb, 12 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

Lukas Paketanın qənimətlər muzeyində “Flamenqo” ilə qazandığı Karioka çempionluğu (2016/2017), “Vest Hem”lə qazandığı Konfrans Liqası (2022/2023) və Braziliya millisi ilə qazandığı Amerika Kuboku (2018/2019) var.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
63
50
arena.az

10Mənbələr