AZ

ÇL: “Qarabağ” “Nyukasl”a rəqib oldu – ARENA.AZ

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilmiş tədbirdə ÇL-in Liqa mərhələsini 22-ci pillədə başa vurmuş Azərbaycan çempionu “Qarabağ”ın da pley-offdakı rəqibi müəyyənləşib.

Səpələnməmişlər sırasında yer almış Azərbaycan çempionu PSJ və ya “Nyukasl” komandalarından birinə rəqib ola bilərdi. Püşk nəticəsində Azərbaycan təmsilçisi İngiltərə klubuna rəqib olub. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Ağdam klubu bu raundu adlayacağı təqdirdə 1/8 final mərhələsində “Barselona” (İspaniya) və ya “Çelsi”yə (İngiltərə) rəqib olacaq.

Püşkatmada Liqa mərhələsini 9-cu və 24-cü yerlər arasında başa vurmuş komandalar iştirak ediblər. İlk 8 yeri tutmuş klublar birbaşa 1/8 finala vəsiqə qazandıqları üçün bu mərhələdən azaddırlar.

Beləliklə, pley-off mərhələsində aşağıdakı cütlüklərin mübarizəsinə şahidlik edəcəyik:

Borussiya (Dortmund, Almaniya) – Atalanta (İtaliya)
Olimpiakos (Yunanıstan) – Bayer (Almaniya)
Qalatasaray (Türkiyə) – Yuventus (İtaliya)
Brügge (Belçika) – Atletiko (İspaniya)
Monako (Fransa) – PSJ (Fransa)
Qarabağ (Azərbaycan) – Nyukasl (İngiltərə)
Benfika (Portuqaliya) – Real (İspaniya)
Bodo Qlimt (Norveç) – İnter (İtaliya)

Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin oyunları fevralın 17-18-də və 24-25-də keçiriləcək.

Fevralın 27-də 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq. 10-11 və 17-18 martda 1/8 final, 7-8 və 14-15 apreldə isə 1/4 final oyunları keçiriləcək. Yarımfinal qarşılaşmaları 28-29 aprel və 5-6 mayda baş tutacaq.

Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
73
50
arena.az

10Mənbələr