Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 11-ci turundan təxirə salınmış bir oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyunu Bakı İdman Sarayında baş tutub.
Son çempion “Sabah” “Neftçi” ilə üz-üzə gəlib. A qrupunun matçı “bayquşlar”ın 125:89 hesablı qələbəsi ilə bitib.
11-ci turdan təxirə salınmış NTD – “Gəncə” qarşılaşması isə yanvarın 29-da baş tutacaq.
A qrupu: Abşeron Lions – 27. Sabah – 27. Neftçi – 20. Gəncə – 18. Şəki – 16. NTD – 15.
B qrupu: Ordu – 27. Naxçıvan – 25. Sumqayıt – 19. Quba – 19. Lənkəran – 18. Sərhədçi – 18.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
