AZ

Duqlas Luis yenidən “Aston Villa”da – ARENA.AZ

Futbol üzrə Braziliya millisinin və “Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis İngiltərənin “Nottingem Forest” klubundan ayrılıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Premyer Liqa təmsilçisi Duqlasla icarə müqaviləsinə vaxtından öncə xitam verib. Halbuki, sözügedən klub futbolçunu cari mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürmüşdü.

Duqlas “Nottingem Forest”dən ayrılsa da, “Yuventus”a qayıtmayıb. Belə ki, İtaliya klubu futbolçusunu İngiltərə Premyer Liqasının digər təmsilçisi “Aston Villa”ya icarəyə verib. “Aston Villa” yarım mövsümlük icarə üçün Turin təmsilçisinə 2 milyon avro ödəyib. Müqavilədə futbolçunun transfer hüquqlarının alınması şərti də var.

Xatırladaq ki, Duqlas Luis 2024-cü ilin yayında məhz “Aston Villa”dan 51,5 milyon avro müqabilində “Yuventus”a keçmişdi. 27 yaşlı futbolçunun İtaliya klubu ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.

Braziliyalı futbolçu “Yuventus”un heyətində 27 oyuna çıxsa da, fərqlənə bilməyib. O, cari mövsümün geridə qalmış hissəsində “Nottingem Forest”də 14 oyuna çıxıb, 1 assistlə yadda qalıb.

Duqlas Luis daha öncə “Jirona” və “Vasko da Qama”da da oynayıb.

Luis 2019-cu ilin noyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 18 oyuna çıxıb. Yarımmüdafiəçi millidə də məhsuldar göstərici ilə yadda qalmayıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
48
8
arena.az

10Mənbələr