Ötən gün “Turan Tovuz”dan ayrılmış “Sabah”ın müdafiəçisi Abdulla Rzayev bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Şamaxı”nın mətbuat xidmətinə istinadən xəbər verir.
Sözügedən klub “Sabah”dan Abdulla Rzayevi icarə əsasında heyətinə qatıb. 24 yaşlı müdafiəçi cari mövsümün sonuna qədər bu komandada çıxış edəcək.
Xatırladaq ki, “Turan Tovuz” “Sabah”a məxsus olan müdafiəçini cari mövsümün əvvəlində bir illik icarəyə götürmüşdü. Abdulla Tovuz klubunun heyətində cəmi 4 oyuna çıxıb. Rzayev az oyun şansı qazandığı üçün “Turan Tovuz”dan ayrılıb. Onun “Şamaxı”da nə qədər şans qazanacağını isə zaman göstərəcək.
Rzayev daha əvvəl də “Şamaxı”da çıxış edib. O, karyerası ərzində “Kəpəz” və “Araz-Naxçıvan”ın da formasını geyinib.
Abdulla Rzayev Azərbaycanın U-21 yığmasında forma geyinsə də, əsas millimizdə debüt şansı qazanmayıb.
