Rusiya və Ukrayna nümayəndələri ilə Əbu-Dabidə keçirilən danışıqlarda ABŞ nümayəndə heyətinin tərkibində beş nəfər yer alıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Ağ Evdən məlumat verilib. Bildirilib ki, ABŞ-ı danışıqlarda Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff, sahibkar və investor, Affinity Partners şirkətinin təsisçisi Cared Kuşner, ABŞ Baş Xidmətlər Administrasiyasının Federal Satınalma Xidmətinin komissarı Coş Qruenbaum, Ordu katibi Den Driskol və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı general Aleksus Qrinkeviç təmsil edir.
Qeyd edək ki, Əbu-Dabidə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin tərkibi daha əvvəl açıqlanmışdı.
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında aparılan danışıqlardan sonra Rusiya və ABŞ təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclasının yanvarın 23-də Əbu-Dabidə keçirilməsi barədə razılıq əldə olunub.
Məlumata görə, ABŞ və Ukrayna ilə əlaqələrin qurulması məqsədilə Əbu-Dabiyə səfər edən Rusiya danışıqlar qrupuna Baş Qərargahın Baş İdarəsinin (QRU) rəisi İqor Kostyukov rəhbərlik edib.
Müdafiə Nazirliyinin nümayəndələrindən ibarət Rusiya təhlükəsizlik işçi qrupu isə yanvarın 23-də səhər saatlarında Ukrayna və ABŞ nümayəndə heyətləri ilə görüş üçün BƏƏ-yə yola düşüb.
VƏTƏNİNFO.AZ