Əbu-Dabidə keçirilən Rusiya-Ukrayna-ABŞ danışıqları başa çatıb. Nümayəndə heyətləri artıq geri qayıdırlar.
Oxu.Az xəbər verir ki, TASS mənbəyə istinadən məlumatı təsdiqləyib.
“Görüş başa çatdı”, – mənbə Əbu-Dabidə Ukrayna üzrə danışıqların yekunlaşdığını bildirib.
Danışıqlar bu gün hər hansı formada davam etdirilməyəcək.
“Xeyr, görüş olmayacaq. Komandalar yola düşürlər. Əbu-Dabidə Ukrayna üzrə danışıqların nəticələri paytaxtdakı səlahiyyətli nümayəndələr tərəfindən açıqlanacaq”, – o, jurnalistin danışıqların bu gün davam edib-etməyəcəyi barədə suala belə cavab verib.
Mənbənin sözlərinə görə, görüşlərin nəticəsiz keçdiyini demək olmaz, “nəticələr var”.

“Axios”un jurnalisti Barak Ravid Ukrayna ilə bağlı danışıqların növbəti raundunun gələn həftə Əbu-Dabidə keçiriləcəyini bildirib:
“Ukrayna rəsmiləri mənə Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların müsbət və konstruktiv yöndə olduğunu söylədilər. Növbəti danışıqlar gələn həftə Əbu-Dabidə keçiriləcək”.
Üçtərəfli təhlükəsizlik məsləhətləşmələrinin ilk günü yanvarın 23-də Əbu-Dabidə baş tutub. Bir neçə saat çəkən görüş yanvarın 24-də davam edib. Üçtərəfli danışıqlarda tərəfləri Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukovun, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun rəhbərlik etdiyi heyətlər təmsil ediblər.