Sahəsi tədricən kiçildiyinə görə planetin ən böyük aysberqi statusunu itirən A23a aysberqi günlər sonra parçalana bilər.
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) məlumat yayıb.
2025-ci ilin dekabrında Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) alimləri təxminən 40 ildir müşahidə edilən A23a aysberqinin ilkin sahəsinin 67%-ni itirdiyini açıqlayıblar.
Agentliyin məlumatına görə, hazırda aysberq Cənubi Amerikanın cənub-şərq istiqamətində, Cənubi Atlantik okeanı sularında hərəkətini davam etdirir.
Qeyd edək ki, A23a aysberqi 1986-cı ildə "Filchner" buz şelfindən qopub. Yaranan zaman onun sahəsi 4170 kvadrat kilometr təşkil edirdi. Aysberq 30 ildən artıq müddətdə Ueddell dənizinin mərkəzi hissəsində yerindən tərpənmədən qalıb. 2023-cü ilin noyabr ayının ortalarında hərəkətə keçən A23a, 2024-cü ilin yazında isə gözlənilmədən Antarktida yarımadası boyunca Şotlandiya dənizi istiqamətində üzməyə başlayıb.