Səudiyyə Ərəbistanının Teyma oazisində Yer üzünün ən sirli geoloji formalaşmalarından biri - Əl-Nəslaa qayası yerləşir. Demək olar ki, ideal iki postament üzərində diametri təxminən 9 metr olan nəhəng bir qaya dayanır və bu qaya sanki mükəmməl şəkildə iki yerə bölünüb.
HİT.az-ın "Iflscience" portalına istinadən məlumatına görə, tarılma xətti o qədər düzdür ki, elə bil daş lazerlə kəsilib. Qayanın hissələri nə əyilib, nə də yaranmış boşluğu bağlayıb. Bu səbəbdən daşlar sanki havada asılı vəziyyətdədir. Elə buna görə də bəzi insanlar bunun qeyri-yer mənşəli bir qüvvənin işi ola biləcəyini irəli sürüblər.
Qeyd olunur ki, Əl-Nəslaa sadəcə qəribə görünüşlü bir daş deyil, eyni zamanda petroqlifdir. Petroqliflər daş səthinə oyma və ya həkk etmə yolu ilə yaradılan təsvirlərdir. Əl-Nəslaanın səthində ərəb atlarının, dağ keçilərinin və insanların təsvirlərini görmək mümkündür. Bu rəsmlərin dəqiq nə vaxt yaradıldığı bilinmir, lakin qumdaşı süxurlarının minlərlə il yaşı olduğu ehtimal edilir.
Əl-Nəslaanın niyə ortadan iki yerə yarıldığını izah edən bir neçə nəzəriyyə mövcuddur. Versiyalardan birinə görə, qaya tektonik qırılma xətti üzərində yerləşir və yarıq süxurun altındakı torpaq qatlarının hərəkəti nəticəsində yaranıb.
Sonradan əmələ gələn bu çat külək vasitəsilə daşınan qum üçün bir növ tunel rolunu oynamış ola bilər. Minilliklər ərzində qum dənəcikləri bu dar yarıqdan keçərək qeyri-bərabər səthi tədricən cilalamış və nəticədə olduqca hamar bir xətt formalaşıb.
Digər nəzəriyyəyə görə isə bu obyekt donma və ərimə dövrləri nəticəsində yaranan aşınma səbəbindən çatlaya bilərdi. Qədim dövrlərdə kiçik bir çatın içinə su dolmuş, daha sonra donaraq genişlənmiş və zamanla yarığın böyüməsinə səbəb olmuş ola bilər. Sonradan iqlim isinib buz əridikdə, qumdaşı süxurunda demək olar ki, ideal düz bir çat qalıb.
Əl-Nəslaanın üzərində dayandığı qəribə postamentlərə gəldikdə isə, bu cür formalar səhralıq ərazilərdə kifayət qədər yayğındır. “Göbələk formalı daşlar” kimi tanınan bu strukturlar adətən güclü küləklərin və ya keçmiş buzlaq fəaliyyəti nəticəsində formalaşır.
Ehtimal olunur ki, insanlar bu yarığı süni şəkildə yaratmağa cəhd etmiş ola bilərlər. Sadə metal alətlər vasitəsilə daşın mərkəzdən yarılması texniki baxımdan mümkün görünür. Lakin bunun nə məqsədlə edildiyi sualı açıq qalır.
Nəşrin ehtimalına görə, qədim sivilizasiyalar bu qeyri-adi qaya formasını coğrafi istiqamət göstəricisi, dini əhəmiyyət daşıyan məkan və ya incəsənətin ilkin nümunəsi kimi yaratmış ola bilərlər.
Samir