ABŞ-ın Yuta ştatının Solt Leyk Siti şəhərindəki kilsədə keçirilən dəfn mərasimi zamanı kilsə parkinqində atışma baş verib.
Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, Solt Leyk Siti Polis Departamentinin sözçüsü Qlen Millsin məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb, 6-sı yaralanıb.
Şəhər polis rəisi Brayan Redd şübhəlilərin tutulması üçün genişmiqyaslı əməliyyatın başladığını açıqlayıb. Bu çərçivədə artıq bir neçə şəxs dindirilmək üçün saxlanılıb.
"Biz bütün məlumatları izləyirik. Zabitlərimiz intensiv işləyir və bu şəxslər ədalət mühakiməsinə cəlb olunana qədər işləməyə davam edəcəklər", - deyə polis rəisi bildirib.
Araşdırmalara FTB-nin də cəlb olunduğu və əraziyə təxminən 100 polis maşını ilə helikopterlərin yerləşdirildiyi qeyd olunub.