AZ

Böyük Britaniyada qeyri-sağlam qidaların reklamına qadağa qüvvəyə minib

London, 5 yanvar, AZƏRTAC

Böyük Britaniyada uşaqlar arasında piylənmə ilə mübarizə məqsədilə qeyri-sağlam qida və içkilərin reklamına dair yeni qadağa qüvvəyə minib.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bu tədbir təxminən 20 min uşaqda piylənmənin qarşısını ala bilər. Yeni qaydalara əsasən, yağ, duz və şəkər tərkibi yüksək olan daha az sağlam qida və içkilərin reklamı televiziyada səhər saat 05:30-dan axşam 21:00-dək, internetdə isə istənilən vaxt qadağan edilib. Qadağa bu gündən etibarən tətbiq olunur.

Məhdudiyyətlər çərçivəsində şokolad və şirniyyatlar, pizza və dondurmalarla yanaşı, bəzi səhər yeməyi üçün nəzərdə tutulan dənli məhsullar və sıyıqlar, şirinləşdirilmiş çörək məmulatları, bəzi əsas yeməklər, sendviçlər və qazlı içkilər də reklamlardan kənarlaşdırılıb. Qadağa uşaqlarda piylənmədə ən böyük paya malik hesab edilən 13 məhsul kateqoriyasına şamil edilir.

Yeni qaydalar məcburi xarakter daşıyır və onlara əməl etməyən reklamçılar “Advertising Standards Authority” tərəfindən sanksiyalarla üzləşə bilərlər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
108
30
azertag.az

10Mənbələr