AZ

“Brexit”dən sonrakı razılaşmanın gecikməsi Böyük Britaniyaya həftədə 100 milyon funt sterlinq ziyan vurur

London, 30 dekabr, AZƏRTAC

Təhlillərə görə, Avropa İttifaqı (Aİ) ilə post-Brexit razılaşmasının hələ də qüvvəyə minməməsi səbəbəindən Böyük Britaniya iqtisadiyyatına hər həftə 100 milyon funt sterlinqədək ziyan dəyir.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Böyük Britaniyanın Baş nazir Kir Starmer aylar əvvəl Aİ ilə münasibətlərin yenidən qurulmasını elan etsə də, razılaşmanın əsas istiqamətlərindən biri olan qida və içki ixracına dair hissə hələ də yekunlaşdırılmayıb.

Sanitar və fitosanitar razılaşma Böyük Britaniyanın standartlarını Aİ normaları ilə uyğunlaşdırmağı, bununla da heyvan və bitki məhsullarının daşınmasında əksər sertifikat və yoxlamaların aradan qaldırılmasını nəzərdə tutur. Məqsəd bahalı bürokratik maneələri azaltmaq və Aİ ilə ticarət həcmini əhəmiyyətli dərəcədə artırmaqdır.

“House of Commons Library” tərəfindən aparılan yeni araşdırmaya əsasən, bu razılaşma Böyük Britaniya iqtisadiyyatına gündə 14 milyon funt sterlinqədək əlavə dəyər qazandıra bilər. Məhz bu səbəbdən nazirlərdən danışıqları sürətləndirmək tələb olunur. Bununla belə, hökumət müxalifətin tənqidlərinə sərt cavab verərək, onların Aİ ilə daha yaxın əlaqələrin qurulması istiqamətində Leyboristlərin irəliləyişini dəstəkləməməsini utancverici adlandırıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
162
30
azertag.az

10Mənbələr