AZ

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətindən rekord sayda əməkdaş işdən azad edilib

London, 25 dekabr, AZƏRTAC

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətində (NHS) səriştəsizliyə qarşı aparılan tədbirlər çərçivəsində rekord sayda əməkdaş işdən çıxarılıb.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, 2024–2025-ci maliyyə ilində təxminən 7 min nəfər işdən azad edilib. Bu göstərici iki il əvvəlki, təxminən 4 min nəfərlə müqayisədə ciddi artım deməkdir və statistik məlumatların ilk dəfə toplandığı 2011-ci ildən indiyədək ən yüksək göstərici sayılır.

İşdən çıxarılmaların əsas səbəbi “peşəkar yararsızlıq” kimi qiymətləndirilən hallar olub. Son dövrdə qeydə alınan işdən azad etmələrin yarıdan çoxu məhz bu əsasla həyata keçirilib. Qaydalara görə, əməkdaşlar intizam pozuntuları, ixtisarlar və ya vəzifənin əsas tələblərini yerinə yetirə bilməmək səbəbindən işdən çıxarıla bilərlər.

Böyük Britaniyanın səhiyyə naziri Ves Stritinq daha əvvəl xəbərdarlıq etmişdi ki, fəaliyyət göstəriciləri üzrə açıqlanan reytinqlərdə zəif nəticə göstərən NHS menecerləri də işdən azad edilə bilərlər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
47
1
azertag.az

2Mənbələr