AZ

Birinci Türkoloji Qurultay – 100 illik tarixi hadisə

Bakı, 5 yanvar, AZƏRTAC

Birinci Türkoloji Qurultay tarixi baxımdan türkologiya sahəsində əhəmiyyətli bir mərhələdir. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay yalnız elmi bir hadisə deyil, eyni zamanda, siyasi kontekstə malik tarixi bir prosesdir. Qurultayın keçirilməsi Sovet İttifaqının yaranmasından 9 il, Türkiyə Cümhuriyyətinin yaranmasından isə 2 il sonra baş verib. Bu, həmçinin Avropada ideoloji qarşıdurmaların bir hissəsi kimi qiymətləndirilə bilər.

Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti Türkoloji mərkəzin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Şəkər Məmmədova bildirib. O qeyd edib ki, sovet imperiyasında slavyanlardan sonra ikinci böyük etnik qrup olan türklərə qarşı dil, əlifba və mədəniyyət siyasətləri tətbiq edilmiş, assimilyasiya, repressiya və emigrasiya siyasətləri həyata keçirilmişdi. “Bu şəraitdə Türkiyə Cümhuriyyətinin türk xalqları arasında birlik konsepsiyası, dil və mədəniyyət siyasəti, eləcə də Avropa (xüsusilə Fransa, Almaniya və İngiltərə) və Sovetlərə qarşı strateji yanaşmaları I Türkoloji Qurultayın xüsusi əhəmiyyətini göstərir. Beləliklə, I Türkoloji Qurultay həm sovet dövründə türk xalqlarının mədəni və siyasi məsələlərinə, həm də beynəlxalq siyasi kontekstə ciddi təsir göstərmiş bir hadisə olaraq tarixdə mühüm yer tutur.

Hətta qurultayın keçirilməsindən 100 il keçməsinə baxmayaraq, bugünkü türkologiya sahəsi məhz həmin qurultayın başlatdığı irsi davam etdirir. Çağdaş türkoloji elmin əsasını qoyan I Türkoloji Qurultay türk ədəbi dili, əlifba, terminologiya, eləcə də tarix və ədəbiyyat istiqamətlərində çoxşaxəli və nümunəvi bir başlanğıc kimi qiymətləndirilir”, - deyə o əlavə edib.

Mərkəz rəhbərinin sözlərinə görə, I Bakı Türkoloji Qurultayı yalnız elmi tədbir deyil, həm də böyük bir insanlıq dramını əks etdirən tarixi hadisədir. 100-dən artıq iştirakçı, seçilmiş alim və mütəfəkkirin həm mənəvi, həm də fiziki zəhməti ilə keçirilmiş qurultay tarixdə böyük ziyalıların əzmkarlığının nümunəsi kimi qalır. Türk xalqlarının tarixində və taleyində ən əhəmiyyətli elmi və ədəbi-mədəni hadisələrdən biri olan I Türkoloji Qurultay XIX əsrdən etibarən ziyalılar tərəfindən həyata keçirilməsi planlaşdırılan maarifçilik hərəkatının zirvə nöqtəsini təşkil edir. Türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin əsasını qoyan bu qurultay ümumtürk maarifçi ziyalılarının arzu və ideallarının ifadəsi kimi qiymətləndirilir.

“Prezident İlham Əliyev tərəfindən imzalanmış “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam Azərbaycan elmi və mədəni siyasətinin strateji prioritetlərini əks etdirən mühüm sənəddir. Sərəncamın əsas məqsədi 1926 cı ildə Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultayın elmi və mədəni əhəmiyyətini Azərbaycan dövlət səviyyəsində təsdiq etməkdir. Bu sənədlə qurultayın yalnız tarixi hadisə olmadığı, həm də Azərbaycan və Türk dünyasının bugünkü mədəni inteqrasiyası üçün əhəmiyyətli bir simvol olduğunu təsdiqlənir”, - deyə müsahibimiz vurğulayıb.

Seçilən
30
11
azertag.az

10Mənbələr