525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri türk dünyasının tarixi, mədəni və ədəbi irsinin genişmiqyaslı şəkildə təbliği və gələcək nəsillərə ötürülməsidir. Bu missiyanı həyata keçirən Fond beynəlxalq səviyyədə yüksək standartlara cavab verən nəşr layihələri reallaşdırır və öz nəşrlərini dünyanın nüfuzlu kitab sərgilərində və mədəni platformalarında ardıcıl şəkildə təqdim edir.
Son iki il ərzində Fond tərəfindən beş yeni kitab seriyası təsis edilib: "Türk dünyasının görkəmli şəxsiyyətləri", "Türk dünyasının ədəbi inciləri", "Türk dünyasının elmi inciləri", "Türk dünyasının tarixi inciləri" və "Türk dünyasının diplomatik inciləri".
"Türk Dünyasının görkəmli şəxsiyyətləri" seriyasının ilk nəşri "Heydər Əliyev və Məhəmməd Füzuli" kitabı olub. Kitaba Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin fərman və sərəncamları, çıxışları, habelə böyük şair Məhəmməd Füzulinin yubileyləri ilə bağlı foto materiallar daxil edilib. Nəşr şair Füzulinin 530 illik yubileyi münasibətilə çap olunub. Bu seriya çərçivəsində nəşr edilən digər kitab XX əsr Azərbaycan ədəbiyyatının klassiki Mir Cəlalın "Nizami Gəncəvinin dünyası" adlı məqalələr toplusudur. Hər iki nəşr Azərbaycan dilində çap edilib.
"Türk dünyasının elmi inciləri" seriyası çərçivəsində Mahmud Kaşğarinin fundamental əsəri "Divanü lüğət ət-türk" geniş elmi şərhlərlə rus dilində nəşr edilib. Kitabın təqdimatı əsərin yaradılmasının 950 illiyi münasibətilə UNESCO ilə birgə təşkil olunmuş beynəlxalq konfrans çərçivəsində Fransada keçirilib. Eyni zamanda təqdimat və konfrans materialları ayrıca bir toplu kimi hazırlanıb. Həmin seriyada, həmçinin görkəmli qazax alimi Darkan Kıdırəlinin türk dünyasının abidələrindəki yazılara həsr olunmuş "Daşa yazılan tarix" adlı əsəri nəşr edilib.
Bu il "Türk dünyasının tarixi inciləri" seriyası çərçivəsində türkmən xalqının Milli lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun "Ağlın gövhəri" adlı elmi əsəri nəşr olunub. Eyni zamanda tanınmış tədqiqatçı Elçin Əhmədovun Azərbaycanın ən mühüm tarixi-mədəni mərkəzlərindən biri olan Şuşa şəhərinin keçmişi və bu günü barədə "Şuşa - tarixi-mədəni irs" kitabı çap edilib. Seriyanın digər diqqətəlayiq nəşri görkəmli qazax alimi Sautbek Abdraxmanovun "Korifeylər" adlı elmi məqalələr toplusudur.

Fond Türk dövlətləri başçılarının fərman və sərəncamlarına uyğun olaraq keçirilən yubiley tədbirlərinə xüsusi diqqət ayırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli "Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən Fond Nizami Cəfərov, Mahirə Hüseynova və Aysel Qəriblinin müəllifi olduğu "Birinci Türkoloji Qurultay" kitabını Azərbaycan, qazax və rus dillərində nəşrə hazırlayıb.
"Türk dünyasının ədəbi İnciləri" seriyası çərçivəsində 2024-cü ildə Məhəmməd Füzulinin qəzəlləri Qazax dilinə tərcümə edilərək "Məhəmməd Füzuli - 530 misra (qəzəllər və qəsidələr)" adı ilə çap olunub. Kitabın təqdimatı Qazaxıstanda Azərbaycan Mədəniyyəti günləri çərçivəsində keçirilib. Bu seriyaya aid digər nəşrlər - görkəmli türkmən şairi Məxdumqulu Fəraqinin "Aşiq olmuşam" adlı şeirlər toplusu (türkmən və Azərbaycan dillərində), tanınmış qazax yazıçısı Kemel Tokayevin "Xüsusi tapşırıq" romanı, qazax yazıçı Berdibek Sokpakbayevin "Mənim adım Kojadır" əsəri və qazax ictimai xadimi Malik Otarbayevin "Gözlədiyimiz xoşbəxtlik" adlı fəlsəfi pritça və esselər kitabı Türkmənistanda və X Bakı Beynəlxalq Kitab Sərgisində təqdim edilib.
Ötən il görkəmli qırğız klassiki Alıkul Osmanovun "Zamandan-zamana" adlı şeirlər toplusu Azərbaycan və qırğız dillərində nəşr edilib, təqdimatlar Azərbaycan və Qırğızıstanda keçirilib. 2025-ci ildə Azərbaycan Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə onun "Özümüzü kəsən qılınc" əsəri Azərbaycan və türk dillərində çap edilərək Azərbaycan və Türkiyədə təqdim olunub. Seriya çərçivəsində Elçin Hüseynbəylinin Göytürklər dövrünə həsr olunmuş "Gültəkin Xaqan" tarixi romanı da nəşr edilib.

Fond çoxdilli nəşrlərə də xüsusi diqqət yetirir. Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevin tapşırığına uyğun olaraq görkəmli qazax şairi, mütəfəkkiri və maarifçisi Abay Kunanbayevin 180 illiyi beynəlxalq səviyyədə qeyd olunur. Bu münasibətlə Türk Mədəniyyəti və İrsi Fondu Abayın "Seçilmiş şeirlər" toplusunu Azərbaycan, qazax, qırğız, türk, özbək, türkmən və macar dillərində nəşr edərək mühüm töhfə verib. Görkəmli qazax şairi Mağcan Cumabayevə həsr olunmuş "Bizim Mağcan" kitabı isə Azərbaycan, qazax, qırğız, türk, özbək, ingilis və rus dillərində çap edilib. Bu il həmçinin Askar Kumıranın "Qurd ili və ya biz Türküstandayıq" romanı qazax dilindən Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub.
Türk dünyasının ədəbi-mədəni irsinə həsr olunmuş elmi konfransların əhəmiyyətini nəzərə alaraq Fond Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan "Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları" adlı konfransın materiallarını ayrıca kitab şəklində nəşr edib.
Fond türk dünyasının diplomatik irsinə də xüsusi önəm verir. Tanınmış Azərbaycan diplomatı və dövlət xadimi Hafiz Paşayevin "Bir səfirin manifesti" əsəri Qazax dilinə tərcümə edilib. Bundan əlavə, görkəmli dövlət xadimi Həsən Həsənovun "Azərbaycan və macar xalqlarının etnik kökləri" kitabı nəşrə hazırlanmış, tarixçi Fəxri Valehoğlunun "Azərbaycan-Gürcüstan münasibətləri (1918-1922)" elmi araşdırması çap olunub.
Fond ensiklopedik nəşrlərə də böyük əhəmiyyət verir. Ötən il Bakı Musiqi Akademiyası ilə birgə "Türk ölkələrinin milli musiqi alətləri" atlası nəşr edilib. Digər mühüm layihə Azərbaycan Memarlar İttifaqı ilə birlikdə hazırlanaraq UNESCO-nun Mənzil-qərargahında təqdim edilən "Azərbaycan Memarlıq İrsinin Dühası: Əcəmi Naxçivani - 900" kitabıdır.

Bu sahədəki sistemli fəaliyyətini davam etdirərək sözügedən silsilənin çərçivəsindən kənara çıxan Türk Mədəniyyəti və İrsi Fondu, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin göstərişi və Türk dövlət başçılarının dəstəyi əsasında çoxcildli və çoxdilli nəşr layihəsi "Türk folklor irsi" antologiyasını reallaşdırır. Üç il müddətinə nəzərdə tutulan layihə çərçivəsində çap və rəqəmsal formatda 21 cildin nəşri planlaşdırılır. Birinci mərhələdə, türk dünyasının qəhrəmanlıq dastanlarına həsr olunmuş birinci cildin beş kitabı artıq işıq üzü görüb. Antologiya ilk dəfə olaraq türk xalqlarının ən mühüm dastan, mif, əfsanə, rəvayət və folklor nümunələrini çoxmillətli və çoxdilli formatda vahid konsepsiya ətrafında birləşdirir, onların şifahi irsinin bütöv korpusunu formalaşdırır, qorunub saxlanılmasını və beynəlxalq səviyyədə təbliğini təmin edir.
Bu il Türk Mədəniyyəti və İrsi Fondunun digər mühüm nəşri Türk dünyasının mədəni irsinə dair ilk çoxdilli kataloq - "Türk dünyasının mədəni kodu" olub. Beynəlxalq ekspert və tədqiqatçılarla sıx əməkdaşlıq şəraitində hazırlanmış bu nəşrin fərqli cəhəti ondan ibarətdir ki, təqdim olunan bütün materiallar Fondun üzv dövlətləri tərəfindən rəsmi şəkildə təsdiqlənib, hər ölkə milli irs nümunələrini öz dilində təqdim edib. Populyar-elmi formatda hazırlanmış kataloq mütəxəssislərdən gənclərə və məktəblilərə qədər geniş oxucu auditoriyası üçün əlçatandır.
Kataloqda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstan daxil olmaqla yeddi ölkənin hər birindən 10 ədəd maddi və qeyri-maddi mədəni irs nümunəsi olmaqla ümumilikdə 70 unikal abidə və ənənə təqdim olunur. Bu nümunələr Türk dünyasının mənəvi birliyini və tarixi-coğrafi quruluşlarının yollarının kəsişməsində formalaşmış mədəni müxtəlifliyini əks etdirir.
Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Abay Kunanbayev, Mağcan Cumabayev, Məxdumqulu Fəraqi, Alıkul Osmanov, Çingiz Aytmatov, Aşıq Veysəl, Bəxtiyar Vahabzadə və digər klassiklərin əsərlərinin müxtəlif dünya dillərinə tərcüməsi və nəşri ilə Fond türk ədəbi irsinin geniş təbliğini həyata keçirir. Eyni zamanda uşaqlar üçün nəzərdə tutulmuş "Uşaqların Nizami Gəncəvi Dünyası", "Türk dünyasının göy qurşağı" (türk xalq nağılları), "Mənim adım Kojadır" və b. nəşrlər də hazırlanır.
Fondun bütün nəşrləri təqdimat mərasimləri, dəyirmi masalar və elmi konfranslarla müşayiət olunur, seçilmiş parçalar əsasında bədii və ədəbi çıxışlar təşkil edilir. Nəşr olunmuş kitablar türk ölkələrinin milli kitabxanalarına hədiyyə edilir, bununla da ortaq türk irsinin tanıdılmasına, beynəlxalq səviyyəli maarifçiliyin artırılmasına və geniş auditoriyanın bu mədəni irsə çıxışının təmin edilməsinə töhfə verilir.
Nəticə etibarilə, son iki il ərzində Türk Mədəniyyəti və İrsi Fondu müxtəlif seriyalar və layihələr çərçivəsində təxminən 50 kitab nəşr edərək türk dünyasının ədəbi və mədəni irsinin qorunması və beynəlxalq səviyyədə təbliği sahəsinə mühüm töhfə verib.
Əldə olunmuş nailiyyətlərə əsaslanaraq, Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasının ədəbi və tarixi-mədəni irsinin təbliğinə yönəlmiş nəşriyyat və mədəni-maarif təşəbbüslərini genişləndirməklə bu sahədəki sistemli fəaliyyətini davam etdirəcəkdir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.