AZ

ADPU-nun Türkoloji Mərkəzi Türk dünyasında elmi əməkdaşlığı və birliyin gücləndirilməsinə xidmət edir

Azərbaycan Respublikasının dövlət siyasətinin bir hissəsinə çevrilən Türk dünyasının birliyi ilə bağlı ciddi addımlar atılmaqdadır. Bu istiqamətdə fəaliyyət göstərən müxtəlif qurumlar, mərkəzlər yaranmaqdadır. Bunlardan biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin struktur bölmələrindən olan Türkoloji Mərkəzdir.

ADPU-nun türkoloji istiqamətlər üzrə fəaliyyətini prioritet kimi müəyyən edən Mərkəz öz işini bir sıra strateji məqsəd və əsas istiqamətlər əsasında qurur. Həmin məqsədlərin mahiyyətində Azərbaycanla yanaşı, bütövlükdə türk xalqları arasında elmi, mədəni, iqtisadi və siyasi münasibətlərin genişləndirilməsi, eləcə də Türk dünyasında birliyin və həmrəyliyin gücləndirilməsi dayanır. Mərkəzin direktoru filologiya üzrə fəlsəfə doktoru Şəkər Məmmədova AZƏRTAC-a müsahibəsində qurumun fəaliyyət istiqamətləri və bu sahədə aparılan elmi araşdırmalar barədə məlumat verib.

. Şəkər Məmmədova bildirib ki, türkdilli dövlətlər arasında münasibətlərin daha da möhkəmləndirilməsi, qarşılıqlı anlaşma və səmərəli əməkdaşlıq üçün əlverişli mühitin formalaşdırılması Türkoloji Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri kimi çıxış edir. Bu istiqamətdə aparılan elmi araşdırmalar türk dilləri, ədəbiyyatı, etnoqrafiyası və tarixi ilə bağlı yeni tədqiqatların və elmi əsərlərin meydana çıxmasına zəmin yaradır. Mərkəzin bu sahədəki fəaliyyəti elmi əsaslarla araşdırılması və daha geniş coğrafiyada yayılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, türk xalqları arasında əlaqələrin inkişaf etdirilməsi müasir dövrdə Türk dünyasının potensialının birləşdirilməsi və gücünün artırılması üçün vacib amillərdən biridir. Türksoylu xalqların birliyinin formalaşması bu xalqlar arasında qarşılıqlı hörmətə, anlaşmaya və davamlı əməkdaşlığın təşviqinə yönəlir. Mərkəzin türkologiya sahəsində həyata keçirdiyi fəaliyyət bu məqsədlə elmi tədqiqatların aparılması, beynəlxalq və regional elmi konfransların təşkili, eləcə də türkdilli ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün əsas elmi platforma rolunu oynayır. Bu prosesdə həmçinin universitetin alim və tədqiqatçıları türk birliyinin təşəkkül tapmasında mühüm rol oynayırlar. Mərkəzin fəaliyyətinin başlıca məqsədi Azərbaycanda türkologiya sahəsində elmi-tədqiqat işlərinin sistemli şəkildə aparılmasını təmin etmək, bu elmi istiqamətin inkişafına yeni töhfələr vermək, onun elmi-nəzəri səviyyəsini yüksəltmək və əldə olunan nəticələrin praktik müstəvidə tətbiqinə nail olmaqdan ibarətdir. Eyni zamanda, türkologiya üzrə əldə edilmiş elmi nəticələrin tədris prosesinə inteqrasiyası mərkəzin prioritet vəzifələri sırasındadır.

O qeyd edib ki, bu məqsədlə mərkəz universitetin müvafiq struktur bölmələri ilə səmərəli əməkdaşlıq münasibətləri qurur, professor-müəllim heyətini, tələbələri, magistrantları və doktorantları aparılan elmi tədqiqatlara cəlb edir. Mərkəzin fəaliyyəti çərçivəsində elmi seminarların, dəyirmi masaların və konfransların təşkili, beynəlxalq və respublika əhəmiyyətli qrant layihələrində iştirak və həmin layihələr əsasında elmi-tədqiqat işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, mərkəzin elmi fəaliyyətinin davamlı şəkildə təkmilləşdirilməsi məqsədilə analitik təhlillər aparılır, əldə olunan nəticələr əsasında rəy və təkliflər hazırlanaraq müzakirəyə çıxarılır.

“On bir nəfərlik kollektivi olan mərkəz üç bölmədən ibarətdir: Türk xalqlarının dilləri; Türk xalqlarının ədəbiyyatı və Türk xalqlarının tarixi. Mərkəzin Ali Attestasiya Komissiyasının tövsiyyə etdiyi jurnallar sırasında olan “Mahmud Kaşğarlı” adlı beynəlxalq elmi jurnalı ildə üç dəfə onalyn olaraq yayımlanır. Jurnalda türk xalqlarının dili, ədəbiyyatı, tarixi, mədəniyyəti, etnoqrafiyası ilə bağlı və həmçinin türkoloji aspektdə olan elmi məqalələr çap olunmaqdadır. Jurnalın hər il yayımlanan sayılarından biri xüsusi buraxılış olur. İndiyə kimi Ümummilli Lider Heydər Əliyevin 100 illiyi, türk dünyasının ilk ensiklopedik əsəri “Divanü lüğat-it türk” əsərinin 950 illiyi, Azərbaycan şairi, dramaturq Bəxtiyar Vahabzadənin 100 illiyi, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəylinin 140 illiyi xüsusi buraxılış olaraq çap olunmuşdur. 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyi münasibəti ilə jurnalın xüsusi buraxılışı olacaqdır”, - deyə alim bildirib.

Şəkər Məmmədova qeyd edib ki, Mərkəz TÜRKSOY, Azərbaycanda fəaliyyət göstərən türk dövlətlərinin səfirlikləri, eləcə də digər beynəlxalq və regional təşkilatlarla geniş və davamlı əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi əhəmiyyət verir. Bu çərçivədə TÜRKSOY, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Yunus Əmrə İnstitutu, Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu, Beynəlxalq Türk Mədəni İrsi Fondu, Türkiyə və Qazaxıstan səfirlikləri, habelə türk dövlətlərinin aparıcı ali təhsil müəssisələri – Buxara Dövlət Universiteti, Çirçıq Dövlət Pedaqoji Universiteti, Cizzak Dövlət Pedaqoji Universiteti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, İstanbul Universitetinin Türkiyat Araşdırmaları İnstitutu, Ankara Universiteti, Qazaxıstanda Əl-Fərabi adına Milli Universitet, Qırğızıstanda Manas Universiteti, Türklərin Dünyası İnstitutu, Çingiz Aytmatov Beynəlxalq Fondu və digər elmi-mədəni qurumlarla sıx əməkdaşlıq münasibətləri mövcuddur. Bu əməkdaşlıqlar nəticəsində bir sıra qurumlarla birgə beynəlxalq konfranslar, simpoziumlar və elmi layihələr uğurla həyata keçirilmiş, eyni zamanda, bir neçə perspektivli layihə üzrə birgə fəaliyyət hazırda da davam etdirilir.

“Türkoloji Mərkəz yalnız xarici elmi və mədəni qurumlarla deyil, həm də AMEA və Azərbaycanın ali təhsil müəssisələri ilə davamlı əməkdaşlıq əlaqələri qurur və bir sıra elmi-tədqiqat layihələri həyata keçirir. Bu əməkdaşlığın nəticəsi olaraq AMEA, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Türk Ocağı və “Ziyalı Ocağı” İctimai Birliyi ilə əlaqələr davamlı və sistemli əməkdaşlığa çevrilmiş, mərkəzin fəaliyyət sahəsi isə gündən-günə genişlənməkdədir.

Mərkəzin mütəxəssisləri tərəfindən türkoloji mövzular üzrə aparılan araşdırmalar həm Azərbaycanın, həm də beynəlxalq səviyyədə tanınmış elmi nəşrlərdə məqalə və tezis formatında dərc olunur. Eyni zamanda, əməkdaşlar müxtəlif beynəlxalq elmi konfrans və simpoziumlarda həm sərbəst, həm də birgə tədqiqat işləri ilə çıxış edərək, əldə olunmuş nəticələri akademik ictimaiyyətlə paylaşırlar”, - deyə alim əlavə edib.

Seçilən
18
50
tehsil.biz

10Mənbələr