Biznesmen İlon Mask "X" sosial şəbəkə hesabına ABŞ prezidenti Donald Tramp ilə birgə çəkilmiş fotosunu yayımlayıb.
“İki sahil” xəbər verir ki, o, fotonun altına “2026-cı il möhtəşəm olacaq” sözlərini yazıb.
Fotoda İlon Mask dövlət başçısı və onun həyat yoldaşı Melaniya Trampla birlikdə masa arxasında əyləşib.
“Dünən ABŞ prezidenti və birinci xanımla möhtəşəm şam yeməyi oldu”, - deyə, İlon Mask qeyd edib.
Donald Tramp və İlon Mask ötən ilin yayında, biznesmenin Hökumətin Səmərəliliyinin Artırılması Departamentində (DOGE) dövlət xidmətindən ayrılmasından sonra açıq şəkildə mübahisə etmişdilər. Mask ABŞ büdcə layihəsini tənqid etmiş, buna cavab olaraq prezident biznesmenin şirkətlərini bütün dövlət müqavilələrindən məhrum etməklə hədələmişdi. Bir müddət sonra İlon Mask öz siyasi partiyasını yaratdığını elan etsə də, sonradan layihənin dayandırıldığını bildirmişdi.
Mübahisədən sonra prezident və milyarder ilk dəfə sentyabr ayında fəal Çarli Kirklə vida mərasimində ictimai şəkildə görüşmüşdülər. Dekabrda isə KİV-lər İlon Maskın respublikaçıların seçki kampaniyalarının maliyyələşdirilməsini bərpa etdiyini yazmışdı.