Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Azərbaycanla ümumilikdə 33 milyard kubmetr həcmində yeni təbii qaz tədarükü üzrə saziş razılaşdırdıqlarını, tədarükün 2029-cu ildə başlayaraq 15 il davam edəcəyini açıqlayıb.
FED.az xəbər verir ki, tədarükün 2029-cu ildə başlanacağını qeyd edən Bayraktar aşağıdakı məlumatları verib:
“Çox yaxın zamanda imzalar yekunlaşacaq, cümə günü yekun danışıqları başa çatdırdıq. Abşeron yatağında illik 2,25 milyard kubmetr hasilat olacaq və biz bu həcmi 15 il ərzində, 2040-cı illərə qədər alacağıq. Yenə münasib qiymətə qaz tapdıq və bunu uzunmüddətli şəkildə ölkəmizə gətirməyə başlayırıq. Bu qaz boru kəməri vasitəsilə gələcək. Azərbaycandan, Xəzər dənizindən gələcək.”
Bayraktar Venesuelada baş verən hadisələrin enerji bazarlarına mümkün təsiri ilə bağlı isə bildirib:
“Gözləntilərimiz ondan ibarətdir ki, hazırda dünya neft bazarlarına ciddi mənfi təsir göstərməyəcək. Hasilat həcminə baxdıqda, Venesuelanın istehsalı dünya üzrə ümumi istehsalın 1 faizindən də azdır.”
Nazir əlavə edib ki, Venesuela dünyanın ən böyük neft ehtiyatlarına malik ölkədir və bu ölkə qlobal gündəlik neft tələbatının təxminən 5 faizini istehsal edə biləcək potensiala sahibdir.