ABŞ-da keçmiş prezidentlər arasında ən yüksək pensiya alan şəxsin adı açıqlanıb və bu xəbər Donald Tramp üçün heç də xoş olmayıb.
AzPost xəbər verir ki, uzun illər siyasətdə fəaliyyət göstərən Co Bayden vəzifədən ayrıldıqdan sonra ABŞ tarixində ən böyük dövlət pensiyasına sahib olan eks-prezident olub.
Məlumata görə, Baydenin illik pensiyası 417 min dollar təşkil edir ki, bu da onun prezident olduğu dövrdə aldığı maaşdan daha yüksəkdir. Bu məbləğ eyni zamanda hazırkı ABŞ prezidenti Donald Trampın prezident maaşını da üstələyir. Qeyd olunur ki, Bayden bu yüksək pensiyanı 44 illik siyasi karyerası nəticəsində əldə edib.
Bundan əlavə, Baydenin bir neçə pensiya fondundan eyni vaxtda ödəniş almağa imkan verən mexanizmdən yararlandığı bildirilir. Məhz bu amil onun pensiya gəlirinin rekord həddə çatmasına şərait yaradıb.
Lakin maraqlı məqam ondan ibarətdir ki, bütün bu yüksək gəlirə baxmayaraq, 83 yaşlı Co Baydenin maliyyə problemləri də az deyil. Məlumatlara əsasən, eks-prezidentin üzərində ipoteka öhdəliyi və ümumilikdə bir milyon dollara yaxın borcu var.