Azərbaycan 2026-cı ildə siyasi, iqtisadi, ekoloji və idman sahələrini əhatə edən bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəcək.
Aznews.az xəbər verir ki, bu tədbirlər ölkənin beynəlxalq platformalardakı rolunun artdığını və regional mərkəzə çevrildiyini bir daha nümayiş etdirir.
Belə ki, bu il Bakıda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək. Forum 17–22 may tarixlərində təşkil olunacaq və ilk dəfə dövlət və hökumət başçıları səviyyəsində baş tutacaq. Tədbirdə dayanıqlı şəhərsalma, urbanizasiya, ağıllı şəhərlərin qurulması, müasir infrastrukturun inkişafı və iqlim risklərinə davamlı şəhər modelləri əsas müzakirə mövzuları olacaq.
Bakı, həmçinin iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Bu tədbir ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, iqlim dəyişmələri ilə mübarizə, karbon emissiyalarının azaldılması və "yaşıl enerji" layihələrinə diqqətin artırılması baxımından mühüm platforma kimi qiymətləndirilir.
İslam İnkişaf Bankı (IsDB) Qrupu 16–19 iyun tarixlərində Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını keçirəcək. Tədbir çərçivəsində ITFC-nin 22-ci Baş Assambleyası, ICIEC-in 33-cü illik iclası, ICD-nin 26-cı illik iclası və ISFD-nin 19-cu Baş Assambleyası təşkil ediləcək. Görüşlərdə investisiya imkanları, ticarətin genişləndirilməsi və maliyyə əməkdaşlığı əsas müzakirə mövzuları olacaq.
Aprel ayında BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası da Bakıda baş tutacaq.
Həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci illik iclasının Azərbaycanda keçirilməsi planlaşdırılır. Tədbirdə regional iqtisadi əməkdaşlıq, infrastruktur layihələrinin maliyyələşdirilməsi və dayanıqlı inkişaf strategiyaları müzakirə olunacaq.
2026-cı ilin mart ayında XIII Qlobal Bakı Forumu keçiriləcək. Forumda dünyanın müxtəlif ölkələrindən sabiq və fəaliyyət göstərən dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri və tanınmış ekspertlər iştirak edəcək.
Bundan əlavə, dünya ölkələrinin maliyyə kəşfiyyat orqanlarını birləşdirən Eqmont Qrupunun 32-ci plenar iclası da 2026-cı ildə Bakı şəhərində təşkil olunacaq.
Gələn il, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM / CICA) növbəti Zirvə toplantısı oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılır.
2026-cı ildə Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda regional və qlobal çağırışlar müzakirə ediləcək.