“Çelsi”nin baş məşqçisi, italiyalı futbol mütəxəssisi Entso Mareska İngiltərə komandasının son uğursuzluqları mənzərəsində istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə London təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Rəsmi açıqlamada bu dəyişkiliyin həm məşqçi, həm də komanda üçün faydalı ola biləcəyi vurğulanıb. Həmçinin, qarşıya qoyulan məqsədlərə çatmaq üçün bunun daha münasib yol olduğu bildirilib.
Xatırladaq ki, Entso Mareska 2024-cü ilin yayından “Çelsi”yə rəhbərlik edirdi. “Zadəganlar” bu mütəxəssisin rəhbərliyi altında 92 oyun keçiriblər, 55 qələbə, 16 heç-heçə, 21 məğlubiyyət görüblər.
Mareska “Çelsi”ni 2024/2025-ci illər mövsümündə həm Avropa Konfrans Liqasının, həm də klublararası dünya çempionatının qalibi edib.
İtaliyalı mütəxəssis əvvəllər “Lester Siti”, “Parma” və “Mançester Siti”nin U-23 komandasında da baş məşqçi olub.
Xatırladaq ki, “Çelsi” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünün yarış cədvəlində 30 xalla 5-ci pillədə qərarlaşıb. “Zadəganlar” 19 oyuna 8 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət görüblər.
