Futbol üzrə Rumıniya milli komandasının və İngiltərənin “Çelsi” klubunun sabiq üzvü Dan Petresku ağır xəstəlikdən əziyyət çəkir.
Arena.az xəbər verir ki, bu barədə ölkənin Peşəkar Futbol Liqasının prezidenti George Yorqulesku yerli mətbuata açıqlamasında bildirib.
Qurum rəhbəri 58 yaşlı mütəxəssisin kimyaterapiya aldığını vurğulayıb.
Xatırladaq ki, Dan Petresku futbolçu kimi “Çelsi” ilə yanaşı, “Sauthempton” (İngiltərə), “Cenoa” (İtaliya), “Focciya” (İtaliya), “Styaua” (Buxarest), “Şeffild Uensdey” (İngiltərə), “Bredford Siti” (İngiltərə), “Nasional” (Buxarest) klublarının da formasını geyinib.
Petresku məşqçilik karyerası dönəmində də Çin, Türkiyə və Səudiyyə Ərəbistanı klublarında çalışıb. Petreskunun sonuncu iş yeri ölkəsində “Universitatya” (Kluj) komandası olub. O, 2025-ci ilin avqustunda sözügedən klubdan ayrılandan bəri işsiz idi.
