Diaspor beynəlxalq münasibətlərin faktoru kimi
Müasir dövrdə qloballaşma proseslərinin dərinləşməsi və beynəlxalq əlaqələrin intensiv xarakter alması fonunda etnik-milli identiklik formaları və məzmunları daha qabarıq şəkildə ön plana çıxır. Bu kontekstdə “diaspora” anlayışı xüsusi elmi və siyasi əhəmiyyət kəsb edir. İnformasiya axınının sürətlə artdığı, miqrasiya proseslərinin geniş miqyas aldığı və lobbiçilik fəaliyyətinin gücləndiyi müasir şəraitdə bu anlayışın hərtərəfli təhlili aktual zərurətə çevrilmişdir.
Diaspora vətəndən kənarda yaşayan xalqın milli mənlik şüurunun daşıyıcısı, sosial-mədəni bağların qorunmasını təmin edən körpü və eyni zamanda xaricdə formalaşan milli potensialın ifadə formasıdır. Bu baxımdan diaspor yalnız etnik-mədəni birlik kimi deyil, həm də beynəlxalq münasibətlər sistemində təsir imkanlarına malik subyekt kimi çıxış edir.

Məlum olduğu kimi, diaspor faktoru yeni dünya düzənində mühüm əhəmiyyət daşımaqla yanaşı, beynəlxalq müstəvidə xalq diplomatiyasının əsas subyektlərindən birinə çevrilmişdir. Bir sıra tədqiqatçılar diasporu müasir dünyanın ayrılmaz atributu kimi qiymətləndirirlər. Lakin qlobal proseslər və geosiyasi transformasiyalar fonunda diasporun “siyasi alətə” çevrilməsi riski mövcuddur ki, bu da milli müxtəlifliyin qorunması və saxlanılması baxımından müəyyən təhlükələr yarada bilər.
Bu məqam milli dövlətçilik baxımından həssas məsələ olan diaspor potensialından düzgün və məqsədyönlü istifadənin vacibliyini bir daha gündəmə gətirir. Diaspor fəaliyyətinin əsas məqsədi mənsub olduğu etnik azlığın dilinin, mədəniyyətinin və milli kimliyinin qorunub saxlanılması olmalıdır. Eyni zamanda beynəlxalq səviyyədə müxtəlif diaspor strukturları ilə əməkdaşlıq çərçivəsində milli və bəşəri inkişaf kontekstində fəaliyyət planlarının və proqramların hazırlanması, habelə birgə tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilir.
Milli həmrəylikdən şanlı Zəfərə
Bu xüsusiyyətlərinə görə Azərbaycan diasporası yalnız vətəndən kənarda yaşayan vətəndaşların milli kimliyinin qorunması ilə məhdudlaşmamış, eyni zamanda dövlət müstəqilliyinin bərpası prosesində baş verən tarixi hadisələrin mühüm simvoluna çevrilmişdir. Diaspora milli birliyin və həmrəyliyin möhkəmləndirilməsində, xalqın özünə inamının bərpa olunmasında, habelə beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin tanıdılmasında əhəmiyyətli rol oynamışdır.
Bu prosesin daha da dərinləşməsi və institusional xarakter alması “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nün təsis edilməsi ilə yeni mərhələyə qədəm qoymuşdur. Sözügedən günün qeyd olunması Azərbaycan xalqının milli özünüdərk və dirçəliş yolunda atdığı mühüm addım kimi həm daxili, həm də beynəlxalq müstəvidə birliyin və gücün təntənəsini simvolizə etmişdir.
Bu tarixi prosesin əsas memarı Ümummilli lider Heydər Əliyev olmuşdur. Onun uzaqgörən siyasi baxışları və müdrik qərarları nəticəsində dünya azərbaycanlılarının birliyinin təmin edilməsi istiqamətində atılan addımlar xalqın tarixi inkişafında dərin və silinməz izlər buraxmışdır. 1991-ci il 16 dekabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının konsolidasiyasının əhəmiyyətini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatını və bu hərəkatın real nəticəsi kimi 1990-cı il noyabrın 3-də Türkiyədə keçirilmiş Birinci Millətlərarası Azərbaycan Türk Dərnəkləri Qurultayını milli birlik və həmrəylik yolunda atılmış mühüm addım kimi dəyərləndirmişdir.
Qurultayın 1990-cı il noyabrın 5-də qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş şəkildə qeyd olunmasının zəruriliyi irəli sürülmüşdür. Heydər Əliyev 1991-ci il 16 dekabr tarixində imzaladığı qərarla 31 dekabr gününü “Dünya Azərbaycanlı Türklərin Birlik və Həmrəylik Günü” elan etmiş və bu günün Azərbaycan Respublikasında rəsmi şəkildə qeyd olunması üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Ali Sovetinə müvafiq təklif təqdim etmişdir.
Dünya azərbaycanlılarının, soydaş və həmvətənlərimizin vahid məqsəd ətrafında birləşməsi və həmrəylik nümayiş etdirməsi baxımından bu gün xüsusi əhəmiyyətə malikdir. Sözügedən hadisənin tarixilik və müasirlik kontekstində Azərbaycan üçün strateji önəm daşıyan Naxçıvanda baş verməsi yalnız ölkədaxili birliyin möhkəmləndirilməsi baxımından deyil, eyni zamanda ümummilli maraqların qorunması və regionun güclü birləşdirici amil kimi çıxış etməsi nöqteyi-nəzərindən də mühüm əhəmiyyət kəsb etmişdir. Məhz bu tarixi mərhələ Azərbaycan diasporunun formalaşmasının ideoloji və təşkilati əsaslarının qoyulması ilə səciyyələnir.
“Azərbaycançılıq” məfkurəsinin dövlət idarəçiliyi fəlsəfəsinə təsiri nəticəsində yüksələn xətlə inkişaf edən Azərbaycan diasporu həmrəylikdən Zəfərə aparan mürəkkəb, lakin müzəffər yol keçmişdir.
Azərbaycan dövləti və xalqı üçün ən ağır sınaqlardan biri hesab olunan 2020-ci il Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gərgin mərhələsi Azərbaycan diasporu üçün də ciddi imtahan dövrü olmuşdur. Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təxribatlar xaricdə yaşayan həmvətənlərimiz arasında dərin narahatlıq və etiraz dalğası yaratmışdır. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə qarşı mütəşəkkil şəkildə etiraz aksiyalarına başlamışdır.
Xaricdə yaşayan azərbaycanlılar güclü birlik nümayiş etdirərək dünya dövlətlərindən və beynəlxalq təşkilatlardan Azərbaycan ərazilərinin işğaldan azad olunmasını, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb etmişlər. Onlar Ana Vətənin ətrafında sıx birləşərək milli həmrəyliyin bariz nümunəsini ortaya qoymuşlar. Bu kontekstdə Diasporla İş üzrə Dövlət Komitəsinin 2020-ci il 12 iyul təxribatı ilə bağlı atdığı ilkin addımlar xüsusi əhəmiyyət kəsb etmişdir.
– İlk gündən etibarən Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən xaricdə yaşayan azərbaycanlılar arasında əlaqələr intensivləşdirilmiş, aidiyyəti dövlət qurumları ilə koordinasiyalı fəaliyyət təmin olunmuşdur.
– Keçirilən icazəli aksiyalarla bağlı müvafiq tezislər və təkliflər hazırlanaraq dünya azərbaycanlılarına ünvanlanmış müraciətlərdə əksini tapmışdır. Həmin müraciətlərdə aksiyalar zamanı ermənilər tərəfindən törədilən zorakılıq halları ilə bağlı foto və video materialların www.diaspora.support internet ünvanına, Azərbaycan Respublikasının yaxınlıqdakı diplomatik nümayəndəliklərinə, Azərbaycanlıların Koordinasiya Şuralarına və xaricdə fəaliyyət göstərən Azərbaycan Evlərinə göndərilməsinin zəruriliyi vurğulanmışdır.
– Soydaşlara və həmvətənlərə təxribatlara uymamaq, mübarizəni yalnız hüquqi müstəvidə və yaşadıqları ölkələrin qanunvericiliyi çərçivəsində aparmaq tövsiyə edilmişdir. İcazəli aksiyaların şüarlarla, bannerlərlə, Dövlət bayrağı, şəhidlərin şəkilləri və digər əyani vasitələrlə təmin olunmasına müvafiq dəstək göstərilmiş, aksiyaların əksəriyyətində peşəkar çəkilişin həyata keçirilməsi təmin edilmişdir.
– Azərbaycan dövlətinə və ordusuna dəstək məqsədilə təşkil olunan icazəli aksiyaların sosial şəbəkələr üzərindən canlı yayımları həyata keçirilmişdir. Aksiyaların keçirilməsi üçün alınmış icazələr və məkanlar barədə əvvəlcədən yerli və xarici kütləvi informasiya vasitələrinə, o cümlədən televiziya kanallarına müvafiq məlumatlar təqdim edilmişdir.
– Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən rəsmi bəyanatla çıxış edilmişdir. Bəyanatda ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəallıq göstərən həmvətənlərə təşəkkür ifadə olunmuş, xaricdə yaşayan azərbaycanlılara ehtiyatlı davranmaq, ermənilərin təxribat xarakterli hərəkətlərindən qorunmaq və heç bir təxribatlara uymamaq çağırışı edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən, həmvətənlərimizin pozulmuş hüquqlarının yaşadıqları ölkələrin qanunvericiliyi və beynəlxalq hüquq normaları çərçivəsində bərpası, eləcə də dəymiş maddi və digər zərərin aradan qaldırılması üçün bütün zəruri tədbirlərin görüləcəyi bildirilmişdir.
– İngilis, rus və fransız dillərində Tovuz rayonu istiqamətində dövlət sərhədində törədilmiş təxribatlar və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı həqiqətləri əks etdirən müraciət məktubları hazırlanmışdır. Həmin məktublar Azərbaycan Diaspor Könüllüləri, eləcə də xaricdə və ölkə daxilində yaşayan gənclər vasitəsilə dünyanın aparıcı siyasətçilərinə və ABŞ Konqresinin üzvlərinə minlərlə nüsxədə göndərilmişdir.
– Diaspor FM platformasında müvafiq məlumatlar yayımlanmış, Diasporla İş üzrə Dövlət Komitəsinin “Facebook”, “X (Twitter)”, “Instagram” və “YouTube” sosial şəbəkə hesablarında bu mövzuda informasiyalar mütəmadi şəkildə paylaşılmışdır.
– Ermənistanın 2020-ci il 12 iyul tarixli Tovuz təxribatı ilə bağlı Azərbaycan diasporunun keçirdiyi aksiyalar, habelə ermənilərin təxribat xarakterli hərəkətləri üzrə 1 terabayt həcmində məlumat bazası formalaşdırılmışdır. Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi və Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təxribatlar həmvətənlərimiz arasında kəskin narazılıq doğurmuşdur. Xaricdə yaşayan azərbaycanlılar, eləcə də dost xalqların nümayəndələri tərəfindən dünyanın aparıcı ölkələrində, BMT, ATƏT və digər beynəlxalq təşkilatların ofisləri, habelə nüfuzlu beynəlxalq media qurumlarının qarşısında icazəli aksiyalar təşkil edilmişdir. Aksiyalar zamanı “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq”, “Ermənistanın təcavüzkar siyasətinə son qoyulsun!”, “Ermənistan terrorçudur”, “Azərbaycan sülh istəyir” və digər şüarlar səsləndirilmişdir.
– Tovuz istiqamətində baş vermiş hərbi təxribatlar zamanı həlak olmuş şəhidlərin şəkilləri və Azərbaycanın ədalətli mövqeyini əks etdirən plakatlar nümayiş etdirilmişdir. Dünyanın aparıcı dövlətlərindən və nüfuzlu beynəlxalq təşkilatlardan Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində qəti tədbirlərin görülməsi tələb edilmişdir. COVID-19 pandemiyası ilə əlaqədar bir sıra ölkələrdə kütləvi toplaşmalara məhdudiyyətlərin tətbiq olunmasına baxmayaraq, ümumilikdə 26 ölkədə 25 mindən artıq şəxsin iştirakı ilə 71 aksiya keçirilmişdir. Aksiyalardan 33-ü Avropa ölkələrində, 16-sı ABŞ-da, 9-u Türkiyədə, 13-ü isə digər ölkələrdə baş tutmuşdur. Latviya, İsveç, ABŞ və Kanadada keçirilən 4 aksiya avtoyürüş formatında təşkil edilmişdir. ABŞ-ın Kaliforniya ştatında üzərində Azərbaycanın dövlət bayrağı, “Karabakh is Azerbaijan!” və “Stop Armenian Aggression!” şüarları əks olunmuş plakatlar yerləşdirilmiş təyyarə üç gün ərzində gündəlik 15 dəqiqə müddətində səmada dövrə vurmuşdur. Aksiyalar çərçivəsində qəbul edilmiş qətnamələrdə BMT tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz azad olunması ilə bağlı qəbul edilmiş qətnamələrin icrasının təmin edilməsi tələbi bir daha diqqətə çatdırılmışdır. Ukraynada keçirilmiş aksiyanın sonunda üzərində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin nömrələri yazılmış dörd top və müvafiq bəyanat BMT-nin nümayəndəliyinə təqdim edilmişdir.
Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin xalqımıza 2020-ci il 27 sentyabr tarixli müraciətindən dərhal sonra 10 noyabr tarixinədək Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən diaspor təşkilatlarımız və xaricdə yaşayan azərbaycanlılara beş dəfə olmaqla 2020-ci il 27 sentyabr, 4 oktyabr, 21 oktyabr, 7 noyabr və 10 noyabr tarixlərində müraciət ünvanlanmışdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin etdiyi ilk müraciətdə soydaşlarımız və həmvətənlərimizə sosial şəbəkədə, elektron media və digər kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş, qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırış və xaricdə yaşayan hər bir həmvətənimizin Ermənistanın təxribatçı hərəkətlərinin, eləcə də Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında, yaşadıqları ölkələrin ictimaiyyətinin doğru məlumatlandırılmasında fəallıq göstərməli, hal-hazırda cəbhədə baş verənlər ilə bağlı doğru məlumatların yayılmasında yaxından iştirak etməli olduğuna dair tövsiyələr öz əksini tapmışdır;
İkinci müraciətdə həmvətənlərimizə yaşadıqları ölkələrin prezidentlərinə, parlamentlərinə, dövlət və ictimai qurumlarına həqiqətləri ifadə edən müraciətlər, məktub və bəyanatlar göndərməklə, Azərbaycan Ordusunun haqq mübarizəsinə mənəvi dəstək olmağa çağırış edilmiş, Azərbaycanın Ordusunun yetərincə canlı qüvvəyə malik olduğu vurğulanmış, informasiya mübarizəsinin getdiyi bir dönəmdə beynəlxalq aləmin düzgün məlumatlandırılması üçün fəaliyyətlərini daha intensiv şəkildə davam etmələri tövsiyə olunmuşdur;
Üçüncü müraciətdə işğalçı Ermənistan ordusunun Gəncə, Mingəçevir, Bərdə və digər cəbhədənkənar ərazilərdə mülki vətəndaşları hədəfə alması barədə məlumat verilmiş, həmvətənlərimizə erməni təxribatlarına uymamaq və ayıq-sayıq olmaq tövsiyə edilmişdir;
Dördüncü müraciətdə Ukraynada yaşayan Azərbaycan diasporunu ayıq-sayıq olmağa, erməni təxribatlarına uymamağa və yalnız Ukrayna qanunları çərçivəsində fəaliyyət göstərməyə çağırış qeyd edilmişdir;
Beşinci müraciətdə isə Azərbaycan üçün önəmli və həssas olan dövr ərzində diasporumuzun göstərdiyi fədakarlığa görə təşəkkür öz əksini tapmış, xalqımızın zəfərinin birlik rəmzimiz olduğuna dair fikirlər irəli sürülmüşdür. Mövcud vəziyyətlə əlaqədar olaraq, çevik fəaliyyətin təşkil edilməsi məqsədi ilə, həftənin 7 günü 24 saat ərzində (7/24) fəaliyyət göstərən “Qaynar xətt” istifadəyə verilmiş, növbəlilik prinsipinə əsaslanan işçi qrup yaradılmış və tədbirlər planı hazırlanmışdır.
Dünya ölkələrində yaşayan yüzlərlə azərbaycanlı Azərbaycan Ordusunun qələbələri və işğal olunmuş torpaqlarımızın azad edilməsi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təbrik, təşəkkür məktubları ünvanlamışdır. Prezidentin İnternet səhifəsində dərc olunan məktublarda Azərbaycan dövlətinə, xalqına və Prezidentinə dəstək ifadə olunmuşdur.
Bildirilmişdir ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı işğalçı Ermənistan ordusuna qarşı aparılan bu haqq mübarizəsində ölkəsinin yanında olmuş, ordumuzun qazandığı qələbələrlə qürur hissi keçirmişdir. Həmvətənlərimiz zərurət yarandığı təqdirdə həm ön cəbhədə, həm də arxa cəbhədə Vətənin müdafiəsinə hazır olduqlarını bəyan etmişlər.
Bu dövrün statistik göstəricilərinə nəzər saldıqda aydın olur ki, Diasporla İş üzrə Dövlət Komitəsinin müraciətindən sonra 2020-ci il 27 oktyabr tarixinədək müxtəlif ölkələrin prezidentlərinə, rəsmi şəxslərinə (nazirlər, kanslerlər, ombudsmanlar), xarici işlər nazirliklərinə, yerli idarəetmə orqanlarına, BMT Təhlükəsizlik Şurasına, Avropa Birliyi, ATƏT, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər beynəlxalq təşkilatlara çoxsaylı bəyanat, məktub və müraciətlər ünvanlanmışdır.
2020-ci il 10 noyabr tarixinədək 46 ölkədə fəaliyyət göstərən, o cümlədən 30-a yaxın ölkəni əhatə edən 15-ə yaxın Azərbaycanlıların Koordinasiya Şuralarında təmsil olunan 130-dan çox təşkilatın da daxil olduğu, ümumilikdə 270-ə yaxın diaspor təşkilatı, beynəlxalq qurumlar və Azərbaycandakı icmalar tərəfindən 23 dildə 383 bəyanat və müraciət qəbul edilərək müxtəlif ölkələrin prezidentlərinə, parlament üzvlərinə, BMT-yə, Avropa Parlamentinə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara göndərilmişdir. Bununla yanaşı, 32 ölkə üzrə 73 bəyanat və müraciət müvafiq ölkələrin parlamentlərinə və Avropa Parlamentinin rəsmi ünvanına təqdim edilmişdir. Avropa Parlamentinin üzvlərinə 775 bəyanat, müxtəlif ölkələrin 641 parlament üzvünə isə bəyanat və müraciətlər birbaşa göndərilmişdir.
Müxtəlif ölkələrdə fəaliyyət göstərən 12 Koordinasiya Şurası tərəfindən dünyanın aparıcı ictimai-siyasi xadimlərinə, beynəlxalq media nümayəndələrinə, nüfuzlu beynəlxalq təşkilatlara və ayrı-ayrı ölkələrin parlamentlərinə Ermənistanın təxribatları, işğalçılıq siyasəti və terrorçuluq fəaliyyəti barədə ətraflı məlumatları əks etdirən 4700 məktub müxtəlif dillərdə elektron poçt vasitəsilə ünvanlanmışdır.
Göründüyü kimi, ən həssas və taleyüklü məqamda Azərbaycan xalqı və ordusu ilə yanaşı, Azərbaycan diasporu da üzərinə düşən məsuliyyətli və şərəfli vəzifənin öhdəsindən layiqincə gəlmiş, yüksək səviyyədə mütəşəkkillik və mübarizlik nümayiş etdirmişdir.
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, habelə Vətən müharibəsində qazanılmış tarixi Zəfərin beşinci ildönümünün qeyd olunması kontekstində hər bir azərbaycanlının, soydaşımızın və həmvətənimizin xüsusi yeri və rolu vardır. Xalq–ordu–lider birliyinin və milli iradənin institusional ifadəsinin tərkib hissəsi kimi Azərbaycan diasporu mühüm humanitar və ictimai-siyasi məna daşıyır.
2022-ci il aprelin 22-də Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında qeyd etdiyi kimi: “Biz hamımız — həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq.”
Yeni çağırışlara cavab verən diaspora
Müasir dövrdə milli dövlətçilik maraqlarının təmin edilməsi, qlobal aktorlarla birbaşa ünsiyyət mexanizmlərinin formalaşdırılması, tamamilə yeni təhlükəsizlik mühitinə daxilolma, habelə sosial, iqtisadi, ictimai və siyasi münasibətlərin demokratiya, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsipləri əsasında inkişafı Azərbaycanda şəxsiyyətin, cəmiyyətin və dövlətin qlobal təhlükəsizliyinə dair kompleks və unikal yanaşmanın, strategiyaların, proqramların və konsepsiyaların hazırlanmasını zəruri etmişdir.
Hər bir xalqın vahid sosial-siyasi orqanizmi onun dünyanın müxtəlif ölkələrində yaşayan nümayəndələrinin məcmusundan formalaşır. Bu reallığın fərqli şəkildə dəyərləndirilməsi milli məqsədlərə zidd olmaqla yanaşı, dövlətlərin inkişaf perspektivlərinə də mənfi təsir göstərə bilər.
Humanitar sahə kimi diaspor istiqamətinin kompleks şəkildə öyrənilməsi, təhlil edilməsi və müvafiq informasiya mühitinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Nəzərə alınmalıdır ki, diaspora strateji əhəmiyyətə malik olmaqla yanaşı, milli “ştrix-kodları” özündə ehtiva edən və eyni zamanda həssas xarakter daşıyan bir sahədir. Bu baxımdan, bu istiqamətdə atılan addımların təsirinin və nəticələrinin elmi əsaslarla qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki yalnız məqsədyönlü və mütərəqqi yanaşmalar uğurlu nəticələrin əldə olunmasına imkan yaradır.
Azərbaycan diasporası üçün ənənəvi təbliğat və təşviqat metodlarının müasirləşdirilməsi zəruridir. Bu metodların təkcə effektivliyi deyil, həm də mövcud reallıqlara uyğunluğu nəzərə alınmaqla fəaliyyətin koordinasiya mexanizmlərinə və əsas parametrlərinə yenidən baxılmalıdır. Diasporanın strukturu və fəaliyyət modelləri milli maraqlara və strateji məqsədlərə xidmət edən müasir institusional forma almalıdır.
Diaspora hər hansı bir etnosun dünya miqyasında yayılmış üzvləri arasında vahid bir sosial orqanizm yaradan mühüm ictimai qüvvə kimi milli həmrəyliyin qorunması, irsi-mədəni dəyərlərin yaşadılması və beynəlxalq müstəvidə təsir imkanlarının genişləndirilməsi məqsədi ilə fəaliyyət göstərir.
Zəfər qazanmış xalq kimi Azərbaycan diasporu da öz rolunu yeni çağırışlara uyğun şəkildə yenidən müəyyənləşdirməli və institusional baxımdan təkmilləşdirməlidir. Əldə olunmuş tarixi Qələbə fonunda diaspor birliklərinin konsolidasiyasının qorunması və fəaliyyətin daha məqsədyönlü istiqamətdə təşkili xüsusi aktuallıq kəsb edir. Bu baxımdan Azərbaycan diasporunun üzərinə mühüm məsuliyyət düşür. Harada yaşamasından və hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, hər bir soydaşın başlıca vəzifəsi Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə obyektiv və ardıcıl şəkildə çatdırmaqdan ibarətdir.
Azərbaycanın tarixi Zəfəri yalnız ölkənin siyasi və hərbi mövqelərində baş vermiş dəyişikliklərlə məhdudlaşmır; bu nailiyyət eyni zamanda yeni yanaşmaların və strateji təhlillərin, xüsusilə diaspora siyasətinin yenidən qiymətləndirilməsini zəruri edir.
Növbəti mərhələdə qalib Azərbaycan diasporu qarşısında duran əsas vəzifələrdən biri ölkənin davamlı inkişafını dəstəkləmək və beynəlxalq müstəvidə mövqelərinin daha da gücləndirilməsinə töhfə verməkdən ibarətdir. Diaspor fəaliyyətinin bu istiqamətdəki effektivliyi ölkə daxilində həyata keçirilən islahatlar və əldə olunan uğurlarla sıx əlaqədə olmalıdır. Eyni zamanda Azərbaycan diasporu beynəlxalq münasibətlər sistemində sülh carçısı rolunu oynayaraq, münaqişəsiz və qarşıdurmasız həll yollarının tərəfdarı kimi çıxış etməlidir.
Nəticə etibarilə, dünya azərbaycanlıları qalib xalqın mənəvi-siyasi ruhunu gələcək nəsillərə ötürməli, onların milli kimliyinin və dəyərlərinin qorunub saxlanılmasına töhfə verməlidirlər. Beləliklə, zəfər qazanmış bir xalqın diasporası yalnız milli maraqların müdafiəsində deyil, eyni zamanda sülh, əməkdaşlıq və inkişaf yolunda nümunəvi model kimi çıxış etməlidir.
Qlobal tendensiyalar və adekvat yanaşmalar

Hazırda Azərbaycanın beynəlxalq platformalarda iştirak etməsi - Qlobal Diaspor Forumunda təmsil olunması və bu platforma çərçivəsində nüfuzunun artması yalnız ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından deyil, eyni zamanda diaspor fəaliyyətinin imkanlarından istifadə etməklə dövlətin strateji maraqlarının irəlilədilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qlobal miqyasda multikulturalizm və tolerantlıq prinsiplərinin gücləndiyi müasir mərhələdə Azərbaycan diasporu bu dəyərləri təbliğ etməklə həm milli həmrəyliyin möhkəmlənməsinə, həm də beynəlxalq müstəvidə sülhün və sabitliyin təşviqinə töhfə verir.
Müasir dövrün qlobal meylləri etnosiyasi münasibətlər, multikulturalizm və tolerantlıq sahələrində ciddi transformasiyalar yaratmaqla yanaşı, yeni çağırış və tələblərin formalaşmasına səbəb olur. Bu baxımdan Azərbaycan diasporunun yeni strateji hədəflərinin müəyyənləşdirilməsi, “yumşaq güc” və “publik diplomatiya” konseptlərinin hazırlanması qarşıda duran əsas vəzifələr sırasındadır.
Bu istiqamətdə “Azərbaycan Diasporunun Perspektiv İnkişafı Dövlət Konsepsiyası”nın və “Dünya azərbaycanlılarının məskunlaşdıqları ölkələr üzrə İnteqrasiyası və İnkişafı Dövlət Proqramı”nın hazırlanması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda hazırda soydaşlarımızın və həmvətənlərimizin tarixi Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi və institusional əsasda gücləndirilməsi məqsədilə müvafiq qanunvericilik təşəbbüsü üzərində iş aparılması bu sahədə atılan addımların ardıcıl xarakter daşıdığını göstərir.
Strateji istiqamətin və hədəfin müəyyənləşdirilməsi zəruridir
Bu istiqamətdə yeni strateji yolun müəyyənləşdirilməsində başlıca məqsəd Azərbaycan diasporunun birliyinin təmin edilməsi, ümumi maraqların üstün tutulması və sistemli fəaliyyətin təşkili olmalıdır. Eyni zamanda səfirlik və konsulluqlarla birgə əməkdaşlığın gücləndirilməsi, vahid ideya və milli maraqlar əsasında dövlət–diaspor münasibətlərinin inkişafı xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Diasporanın təhsil sahəsində fəallığının artırılması, Azərbaycan mədəniyyəti və tarixi barədə məlumatlandırılması, güclü və dayanıqlı diaspor strukturlarının formalaşdırılması və möhkəmləndirilməsi mühüm strateji hədəflər sırasındadır.
Bununla yanaşı, soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak imkanlarının genişləndirilməsi, onların müxtəlif beynəlxalq təşkilatlarda və diplomatik müstəvidə lobbiçilik fəaliyyətinin gücləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi əsas prioritetlərdən biri olmalıdır. Azərbaycan tarixinin və mədəni irsinin təbliği istiqamətində həyata keçirilən tədbirlərdə diaspor üzvlərinin fəal iştirakı, habelə soydaşlarımızın sosial, mədəni və iqtisadi inteqrasiyasına yönəlmiş fəaliyyətlər strateji yanaşmanın ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Nəzərə almaq lazımdır ki, diaspora fəaliyyəti könüllülük prinsiplərinə əsaslanır və ictimai xarakter daşıyır. Əgər diaspor milli maraqların və adət-ənənələrin qorunmasında vasitə kimi dəyərləndirilirsə, onun mütləq şəkildə vahid mərkəz adı altında birləşməsi həlledici amil hesab edilə bilməz. Bu baxımdan milli diaspor şüuruna malik olan hər bir fərdin mütləq şəkildə mərkəzləşdirilmiş bir təşkilatda təmsil olunması zəruri deyil. Əsas məsələ həmin şəxsdə “diaspor şüuru”nun formalaşmasıdır. Belə olan halda o, yaşadığı cəmiyyətə inteqrasiya etməklə yanaşı, öz milli kimliyini, dilini və mədəni xüsusiyyətlərini qoruyub saxlayacaq, eyni zamanda Vətənini layiqincə təmsil edəcəkdir. Bu yanaşma formal xarakter daşıyan, müəyyən vaxtlarda keçirilən tədbirlərlə məhdudlaşan fəaliyyət modellərindən daha səmərəli hesab edilə bilər. Bu kontekstdə akademik yanaşmanın tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Unutmaq olmaz ki, diaspora tarixən milli güc amili kimi çıxış etmiş, müasir dövrdə isə beynəlxalq münasibətlərin mühüm aktorlarından birinə çevrilmişdir. Bu baxımdan Azərbaycan diasporuna yanaşmanın fəlsəfəsi dəyişməli, koordinasiya mexanizmləri təkmilləşdirilməli, milli məqsədlərə xidmət edən sistemli və ardıcıl fəaliyyət həyata keçirilməlidir.
Etnik münaqişələr fonunda üçüncü dövlətlərin ərazisində fəaliyyət göstərən milli icmalar və diaspor strukturları müxtəlif formalarda “məqsədli maraqlar” çərçivəsində proseslərə cəlb olunurlar. Bu maraqların xarakterindən asılı olaraq həmin icmalar arasında qarşıdurmanın dərinləşməsi və ya əksinə, yaxınlaşmanın güclənməsi mümkündür.
Mövcud şəraitdə Azərbaycan diasporu yeni inkişaf mərhələsinə keçməli, sülhpərvər mövqeyini nümayiş etdirməli və beynəlxalq müstəvidə yaxınlaşma və dialoq faktoruna çevrilməlidir. Bir sözlə, Azərbaycan diasporuna baxışın fəlsəfəsi yenilənməli, koordinasiya işi təkmilləşdirilməli və məqsədyönlü, elmi əsaslara söykənən fəaliyyət modeli formalaşdırılmalıdır.
Məqalənin mövzusunu ümumiləşdirərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayında səsləndirdiyi konseptual fikirlərlə yekunlaşdırmaq yerinə düşər:
“Hamımız — siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər, iqtisadi cəhətdən möhkəmlənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər və həmin ölkələrin həyatına təsir göstərsinlər. Beləliklə də müxtəlif ölkələrdə Azərbaycanın müstəqilliyini və xarici siyasətini təbliğ etməklə yanaşı, ölkəmizin problemlərinin həllinə yardım etsinlər. Hesab edirəm ki, dünya azərbaycanlıları bu yol ilə getməlidir.”
Nəticə etibarilə, Azərbaycan diasporu üzrə sistemli fəaliyyət təşkil edilməli və koordinasiya işi milli məqsədlər çərçivəsində dəyişməli, bu sahədə yanaşmanın fəlsəfəsi indiki dövrün tələblərinə uyğun yenilənməli və koordinasiya işi təkmilləşdirilməlidir.
Yəhya Babanlı
Tarixçi-alim, diaspora məsələləri üzrə tədqiqatçı