“Azərbaycan xalqının tarixində ən yaddaqalan, ən qürurlu günlərdən biri 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan xalqının birliyinin, bölünməzliyinin simvolu olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü milyonlarla soydaşımız tərəfindən dövlət bayramı kimi qeyd edilir”.
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə, milli birlik salnaməsinə və şərəfli keçmişə malikdir. Xalqımızın uzun əsrlər boyu yaratdığı dövlətçilik ənənəsi və irsi xarici istilalar nəticəsində müxtəlif dövrlərdə əlindən alınaraq unutdurulmağa çalışılıb. İşğalçı imperiyalar tərəfindən ərazisi zəbt edilərək dövlət müstəqilliyi və istiqlaliyyəti əlindən alınsa da, Azərbaycan xalqının milli birlik və bütövlük amalını, qayəsini heç vaxt sındırmaq mümkün olmayıb.
Xalqımız hər zaman müstəqillik və bütövlük yolunda mübarizəsini davam etdirərək vahid milli ideya ətrafında sıx birləşib. Hələ sovet hökumətinin tərkibində olarkən azərbaycanlılara qarşı yürüdülən müstəmləkəçilik siyasəti, təqiblər və kütləvi cəza tədbirləri belə xalqımızın milli azadlıq ruhunu, iradəsini sındırmamış, daim həmrəylik mücadiləsinə köklənmişdi. Ümummilli Lider Heydər Əliyev sovet rejiminin milli təqibləri davam etdirdiyi mürəkkəb şəraitdə ideoloji-siyasi baryerlərə sinə gərərək xalqımızın milli özünüdərki yolunda, azərbaycançılıq ideologiyası uğrunda sarsılmaz gücünü ortaya qoymuşdu. Ulu Öndər xalqda milli heysiyyatı gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq üçün bir sıra tədbirlər həyata keçirib. Heydər Əliyevin milli vətənpərvərlik konsepsiyasında ən önəmli yerlərdən birini soydaşlarımızın milli vətənpərvərlik ruhunda tərbiyəsi tutur.
Ulu Öndər deyirdi ki, milli mənlik şüuru Vətən əxlaqıdır, milli əxlaqdır. Milli mənlik şüuru, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini özündə birləşdirir.
Millət vəkilinin sözlərinə görə, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qərar qəbul edilməsi o dövrün ən mühüm ictimai-siyasi hadisəsi kimi tariximizə həkk olundu. Ümummilli liderimizin tarixi xidmətləri sayəsində dünya azərbaycanlılarının həmrəyliyi ideyası özünün ən ali zirvəsinə – milli dövlət və müstəqil Azərbaycan quruculuğunu da tamamladı. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynamaqdadır.
Bu gün isə Prezident İlham Əliyev milli həmrəyliyin gücləndirilməsinə xüsusi töhfə verir, dünya azərbaycanlılarının mədəni-mənəvi birliyinin daha da möhkəmləndirilməsi yönündə ardıcıl qətiyyətli tədbirlər həyata keçirməkdədir. Eləcə də, Dünya Azərbaycanlılarının qurultaylarında qəbul edilən qərarlar, verilən tövsiyələr, həmçinin, Prezident İlham Əliyevin xarici ölkələrə səfəri zamanı diaspor nümayəndələri ilə görüşü, verdiyi dəyərli tövsiyələr dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da möhkəmləndirib.
Azərbaycanın ən çətin və taleyüklü məsələlərin həlli dövründə xalqımızın həmrəyliyi daha güclü və monolitliyi ilə diqqəti cəlb edib. 44 günlük Vətən müharibəsi zamanı xalqımızın, cəmiyyətimizin birlik nümayiş etdirməsi olduqca qürurverici mənzərəni nümayiş etdirdi. Ölkəmizdə böyükdən kiçiyə hər kəsin vahid məqsəd uğrunda birləşməsi, eyni hədəfə vurması, xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi ümummilli həmrəyliyimizin təntənəsinə çevrildi. Soydaşlarımz da yaşadıqları ölkələrin dövlət orqanlarına və ictimaiyyətinə Vətən müharibəsi haqqında doğru-düzgün məlumatları çatdıraraq, habelə kütləvi tədbirlər keçirərək haqq səslərini ucaltdı, tarixi ədalətin mübarizəsinə qalxdılar. Ölkəmiz bu tarixi Zəfərlə yanaşı, siyasi-diplomatik müstəvidə yeni uğurlara imza atdı, beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi. 2022-ci il aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında Prezidenti İlham Əliyevin nitqi həmrəylik konsepsiyasının yeni prioritetlərini müəyyənləşdirdi. Dövlət başçısı Vətən müharibəsi dövründə xarici ölkələrdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarımızın fəaliyyətini dəyərləndirərək onların vahid amal ətrafında birliyini yüksək dəyərləndirib. Dünya azərbaycanlıları artıq 5 ildir ki, həmrəylik bayramını böyük ruh yüksəkliyi, coşğu ilə qeyd edir. Bu gün Zəngilanda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Laçında, Şuşada, Xocalıda, Xankəndidə və digər ərazilərimizdə şanlı Azərbaycan bayrağının dalğalanması həmrəylik və milli birlik manifestinin təcəssümüdür.
“Lakin hazırda dünyada, o cümlədən yaxın regionlarımızda baş verən mürəkkəb proseslər, sabitliyə təhdidlər bütün dünya azərbaycanlılarının həmrəyliyini, haqqı-ədalət uğrunda mübarizəmizi daha da mətinləşdirməyi zəruri edir. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev hər zaman çıxışlarında milli birlik və həmrəyliyimizin gücləndirilməsinin vacibliyinə diqqət çəkir. Biz bu il ərzində də cənab İlham Əliyevin timsalında bütün dünya azərbaycanlılarının haqlarını qoruyan, onları bağrına basan güclü Lider gördük. Dövlətimizin başçısı bütün beynəlxalq platformalarda azərbaycanlılarının haqlarını qətiyyətlə qoruyur. Cənab Prezidentin bütün soydaşlarımızın haqlarını qətiyyətlə qorumaq əzmi hər bir azərbaycanlıda sonsuz iftixar hissi yaradır. Biz qürur duyuruq ki, bütün dünya azərbaycanlılarının cənab İlham Əliyev kimi Lideri var! Bu gün bütün dünya günü gündən güclənən Azərbaycanı görür və bu amil əminlik yaradır ki, Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin liderliyi bütün hədəflərinə nail olacaq!”, - deyə Samir Vəliyev vurğulayıb.