AZ

"Xalqımız həmrəy, dövlətimiz qalib və qüdrətlidir" - Deputat

"Müasir dövrdə bir çox regionlar siyasi qarşıdurmalar, sosial gərginliklər və təhlükəsizlik riskləri ilə üz-üzə qaldığı bir şəraitdə, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması məqsədyönlü və ardıcıl dövlət siyasətinin məntiqi nəticəsidir. Həmin siyasətin əsas dayaqlarından biri xalq–iqtidar birliyinin möhkəmləndirilməsi və milli həmrəyliyin təmin olunmasıdır. Məhz bu unikal birlik modeli cəmiyyətin bütün təbəqələrində vahid məqsədlərə söykənən həmrəyliyi gücləndirərək dövlətin dayanıqlı və davamlı inkişafına möhkəm zəmin yaradır".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari diqqətə çatdırıb ki, müasir dövlətçiliyin ideya-siyasi əsaslarını formalaşdıran Ümummilli Lider Heydər Əliyev müstəqillik dövründə milli birliyi dövlət siyasətinin prioritet istiqamətinə çevirmiş, xalqın tarixi yaddaşına, milli kimliyinə və mənəvi dəyərlərinə əsaslanan möhkəm həmrəylik modelini yaratmışdır.

"Milli həmrəyliyin institusional əsaslarının formalaşdırılmasında Dahi Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. 1991-ci il dekabrın 16-da Ali Məclisdə qəbul olunan və 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi barədə qərar milli birlik ideyasının rəsmi-siyasi müstəviyə daşınmasının mühüm mərhələsi olub. Bu qərar tarixi baxımdan dünya üzrə səpələnmiş on milyonlarla azərbaycanlının vahid ideoloji platforma ətrafında birləşdirilməsinə yönəlmiş strateji addım idi. Təşəbbüsün respublika parlamenti tərəfindən dəstəklənərək qanunvericilik aktı ilə təsdiqlənməsi Həmrəylik Gününü ümummilli dəyərə çevirib.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli həmrəylik strategiyası sonrakı mərhələdə ardıcıl şəkildə davam etdirilmiş və yeni tarixi şəraitə uyğun olaraq zənginləşdirilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə diaspor siyasəti sistemli, məqsədyönlü və institusional xarakter almış, dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Xarici səfərlər zamanı diaspor nümayəndələri ilə keçirilən görüşlər, onların problemlərinə həssas yanaşma, vahid ideoloji xəttin formalaşdırılması milli həmrəyliyin qlobal miqyasda möhkəmləndirilməsinə xidmət etmişdir.

Xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafelərinin qorunması dövlətin prioritet vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir. 

Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər Azərbaycan xalqının tarixində milli birliyin və həmrəyliyin ən parlaq təzahürlərindən biri kimi yadda qalmışdır. Müharibə dövründə siyasi baxışından, sosial statusundan, tutduğu mövqedən asılı olmayaraq bütün xalq vahid mövqedən çıxış etmiş, dövlətin ətrafında sıx birləşmişdir. 

Prezident, Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradə, prinsipial mövqe və liderlik nümunəsi xalqın öz rəhbəri ətrafında daha sıx birləşməsinə şərait yaratmışdır. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımızın informasiya müharibəsində göstərdiyi fəallıq, etiraz aksiyaları və beynəlxalq ictimaiyyətə həqiqətlərin çatdırılması Qələbəyə layiqli töhfə kimi tarixə düşmüşdür. Bu həmrəylik milli gücün real ifadəsinə çevrilmişdir.

2022-ci il aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) milli həmrəyliyin artıq yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirib. Müasir mərhələdə Azərbaycan mürəkkəb geosiyasi kataklizmlərə baxmayaraq, həm daxili, həm də xarici siyasətdə mühüm nailiyyətlər əldə etməklə beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir. Qarşıda yeni reallıqlar və çağırışlar, eləcə də strateji hədəflər dayanır. Bu hədəflərin uğurla reallaşdırılmasının əsas şərtlərindən biri milli birliyin qorunub saxlanması və davamlı şəkildə möhkəmləndirilməsidir.

Bu gün Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşmiş, gələcəyə inamla addımlayan vahid siyasi və mənəvi gücə çevrilmişdir. Milli həmrəylik yalnız keçmişdən miras qalan dəyər deyil, eyni zamanda gələcək inkişafın əsas təminatıdır. Qarşıda duran yeni perspektivlərin reallaşması da məhz bu birliyin qorunması və gücləndirilməsi ilə birbaşa bağlıdır". 

Seçilən
37
36
unikal.az

10Mənbələr