Amerikalı müğənni Beyonsenin sərvəti 1 milyard dollara çatıb. Bu barədə “Forbes USA” məlumat yayıb. O, həyat yoldaşı Jay-Z, müğənni Rihanna və musiqiçi Brüs Sprinqstin ilə yanaşı, dünyanın beş ən varlı milyarder-musiqiçilərdən biri olub.
“Forbes USA”nın qeyd etdiyinə görə, 2023-cü ildə Beyonse “The Renaissance World Tour” adlı dünya turuna çıxıb. Bu turne ilin ən böyük konsert hadisələrindən birinə çevrilərək ona təxminən 600 milyon dollar gəlir gətirib. 2024-cü ildə müğənni “Cowboy Carter” adlı albomunu buraxıb. “Forbes USA” yazır ki, bu albom ona Milad bayramında “National Football League” (NFL) oyununun fasiləsində çıxış imkanı yaradıb və 2025-ci ilin ən gəlirli konsert turunun əsasını qoyub.
Müğənninin sərvətinin böyük hissəsi musiqidən əldə olunub — buna müəllif hüquqlarına nəzarət və dünya qastrollarından gələn gəlirlər daxildir. 2010-cu ildə Beyonse “Parkwood Entertainment” şirkətini yaradıb. Şirkət onun bütün musiqi layihələrini, sənədli filmlərini və konsertlərini prodüser edir. Bundan əlavə, Beyonsenin “Cécred” adlı saç baxımı brendi, “SirDavis” viski markası və “Ivy Park” geyim xətti də mövcuddur.