Bakı, 29 dekabr, AZƏRTAC
Antidopinq bəzi ali təhsil müəssisələrində xüsusi fənn kimi tədris oluna bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri" mövzusunda dəyirmi masada çıxışı zamanı məlumat verib.
O bildirib ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə rəsmi müraciət ünvanlanacaq: "Artıq həmin müraciət hazırlanır. İstərdik ki, hüquq və tibb fakultəsi olan universitetlərdə antidopinq fənn kimi tədris olunsun. Çünki AMADA olaraq, bizim səlahiyyətlərimiz o qədər də geniş deyil. Dopinqlə mübarizədə hüquq-mühafizə orqanları və Səhiyyə Nazirliyi ilə birgə işləməliyik".