Pekin, 26 dekabr, AZƏRTAC
Yaponiya hökuməti ölkənin növbəti maliyyə ili üçün dövlət büdcəsi layihəsini təqdim edib.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, aprel ayında başlayacaq yeni maliyyə ili üçün təklif olunun 122,3 trilyon yen (təxminən 783 milyard ABŞ dollar) məbləğindəki büdcə layihəsi Yaponiya tarixi üçün rekord göstəricidir. Cari maliyyə ilindəki büdcə 115,2 trilyon yen olub.
Dünyanın 3-cü böyük iqtisadiyyatı olan Yaponiyanın büdcə layihəsində müdafiə xərcləri də rekord səviyyədə 9,04 trillyon yen (təxminən 57 milyard dollar) nəzərdə tutulub. Büdcədə ən böyük pay isə (təxminən 250 milyard dollar) sosial təminat xərcləri üçündür.
Qeyd edək ki, büdcə layihəsi 2026-cı ilin yanvarında parlamentə təqdim olunacaq. Nazirlər Kabineti növbəti maliyyə ilində ölkə iqtisadiyyatının 1,3 faiz böyüyəcəyini proqnozlaşdırıb. Cari maliyyə ili üçün bu hədəf 1,1 faizdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin