Futbol üzrə Azərbaycan Premyer Liqasında qeyri-sabit mövsüm keçirən “Turan Tovuz” komandasının qış hazırlıq planı bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komanda yanvarın 4-də Türkiyəyə yola düşəcək. Antalyanın Belek bölgəsindəki “İC Santai Belek” otelində məskunlaşacaq komandanın Türkiyə toplanışı yanvarın 18-nə qədər davam edəcək.
Baş məşqçi Kurban Berdıyev toplanış çərçivəsində komandanı 2 yoxlama görüşündə sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, “Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün geridə qalmış 16 turundan sonra 27 xalla 4-cü pillədə qərarlaşıb. Tovuz təmsilçisi keçirdiyi 15 oyunda 8 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət görüb. Komandanın “Qəbələ” ilə təxirə salınmış oyunu da var.
