Futbol üzrə Azərbaycan milli komandasının keçmiş üzvü, mərkəz yarımmüdafiəçisi Qara Qarayev “Araz-Naxçıvan”dan ayrılıb.
Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Təcrübəli futbolçu bu gün klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Qarayevin müraciətini nəzərə alan klub rəhbərliyi onunla mövsümün sonuna qədər nəzərdə tutulmuş müaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Rəhbərlik futbolçuya xidmətlərinə görə təşəkkür edib.
Xatırladaq ki, Qara Qarayev ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi. O, cari mövsümdə məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 13 oyuna çıxıb. Qara “Araz-Naxçıvan”ın heyətində bütövlükdə 37 oyun keçirsə də, qol və məhsuldar ötürmə müəllifi olmayıb.
Qarayev əvvəllər “Qarabağ”da (445 oyun, 5 qol, 15 assist) və “Neftçi”də (28 oyun, 1 qol, 2 assist) çıxış edib. O, Azərbaycan milli komandasının heyətində də 77 oyun keçirib.
