Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda Pakistan vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Yunis Ağayevin cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttiham aktına əsasən, təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 15 iyun 2025-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində əvvəlcədən tanış olduğu Pakistan Respublikası vətəndaşı Akhtar Muhammad Shakelə hücum edib.
Belə ki, Yunis Ağayev zərərçəkmiş şəxsin müqavimətini qırmaq məqsədilə onun üz və bədəninin müxtəlif nahiyələrindən yumruq zərbələri endirərək hərəkət imkanlarını fiziki olaraq məhdudlaşdırıb, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə basqın edib. Nəticədə əcnəbiyə baş beyin silkələnməsi ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirilib. Daha sonra təqsirləndirilən şəxs Shakelin cibində olan 430 manat nağd pul və zərərçəkmişin öz qiymətləndirməsinə görə 5 manat dəyərində olan “Winston XS” markalı siqaret qutusunu ələ keçirərək hadisə yerindən uzaqlaşıb. Bununla da zərərçəkmiş şəxsə ümumilikdə 435 manat maddi ziyan vurulub.
Məhkəmə iclasında Yunis Ağayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. O, ifadəsində göstərib ki, hadisə günü yanında bir xanım varmış. Pakistan vətəndaşı Akhtar Muhammad Shakel də həmin xanıma qarşı əxlaqsız hərəkətlər edib və bu səbəbdən ona iki dəfə yumruq zərbəsi endirib. Təqsirləndirilən şəxs zərərçəkmişin sərxoş vəziyyətdə olduğunu, daha sonra polis əməkdaşlarının hadisə yerinə gəldiyini və Shakelin qaçdığını deyib.
Lakin məhkəmə iclasında ona ünvanlanan suallara cavab verərkən Yunis özünü təqsirli bildiyini, ittihamı qəbul etdiyini və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqlədiyini bildirib. O, ifadəsində qeyd edib ki, 14 iyun 2025-ci il tarixdə Nəsimi rayonu, Rəsul Rza küçəsi ərazisində olarkən bir nəfər pakistanlı ona yaxınlaşaraq yol soruşub. Maddi imkanının olmadığını deyən həmin şəxsə kömək etmək məqsədilə onunla birlikdə 1–2 saat ərazidə gəzdiyini, daha sonra 15 iyun 2025-ci il tarixdə saat 00:30 radələrində zərərçəkmiş şəxsin yaxınlıqda yerləşən marketə daxil olduğunu və bu zaman onun cibində xeyli miqdarda pul olduğunu gördüyünü söyləyib. Yunis zərərçəkmişin pulu arxa sol cibinə qoyduğunu gördükdən sonra həmin pulu götürərək qaçmaq qərarına gəldiyini, arxasında dayanaraq əl atıb pulu götürdüyünü, Shakelin onun qolundan tutduğu anda isə yumruqla üz nahiyəsindən vurduğunu, pulu və siqareti götürərək qaçdığını etiraf edib. Yunis zərərçəkmiş şəxsin onun arxasınca gəldiyini, qolundan tutduğunu və bu zaman ona qarşı çoxsaylı zərbələr endirdiyini, ətrafda olan şəxslər yaxınlaşdıqdan sonra isə hadisə yerindən qaçdığını bildirib. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu qeyd edib.
Məhkəmə iclasında dövlət ittihamçısının, zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin çıxışları dinlənilib, iş üzrə toplanmış sübutlar hərtərəfli araşdırılıb. Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) maddəsi ilə nəzərdə tutulmuş quldurluq cinayətini törədib və onun təqsiri həm özünün qismən etirafedici ifadəsi, həm də digər sübutlarla təsdiq olunur.
Zərərçəkmiş şəxs Akhtar Muhammad Shakelin ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olub ki, o, 29 may 2025-ci il tarixdə Bakıya turist kimi gəlib, şəhəri sosial şəbəkələr vasitəsilə tanıyıb və bəyənib. 14 iyun 2025-ci il tarixdə saat 22:00 radələrində dostlarından ayrı düşdükdən sonra yolda tanımadığı bir şəxsdən kömək istəyib. Həmin şəxs ona kömək edəcəyini bildirib və bunun müqabilində yemək almağı təklif edib. Daha sonra birlikdə bir müddət gəzdikdən sonra marketə daxil olub, 5 manata “Winston XS” markalı siqaret alıb və üzərində olan 430 manat pulu arxa cibinə qoyub. Bir qədər sonra saat 00:30 radələrində Rəsul Rza küçəsi 34 ünvanında olarkən həmin şəxs onun pulunu götürməyə cəhd edib, müqavimət göstərdiyi zaman isə üz və bədəninin müxtəlif nahiyələrindən yumruq zərbələri endirərək pulu və siqareti ələ keçirib. Zərərçəkmiş şəxs hadisə ilə bağlı dərhal DİN-in “102” xidmətinə məlumat verdiyini və polis bölməsində təqsirləndirilən şəxsi tanıdığını bildirib.
Cinayət işinin materiallarından, həmçinin zərərçəkmiş şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş 15 dekabr 2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Akhtar Muhammad Shakel təqsirləndirilən şəxs ilə barışıb və ona qarşı heç bir şikayət və tələbinin olmadığını söyləyib.
Hökmə əsasən, Yunis Ağayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov