AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış “Sabah” – “Qarabağ” matçı ilə bağlı cəzaları açıqlayıb.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komitənin bu gün baş tutmuş iclasında qərarlar qəbul olunub.
Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” 2500 manat cərimə edilib.
Oyunun 54-cü dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Ağdam komandası 7000 manat cərimə edilib.
“Qarabağ”ın azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə Ağdam komandası 3000 manat cərimə edilib. Stadiona dəymiş ziyan “Qarabağ” tərəfindən qarşılanacaq.
“Qarabağ” komandası oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə Ağdam klubuna xəbərdarlıq edilib.
