"Football-plus.az" xəbər verir ki, bir ara zədələrini bəhanə gətirərək məşqlərə və oyunlara çıxmaqdan imtina edən portuqaliyalı ulduz artıq iki həftəyə yaxındı məşqlərə çıxır. Amma nədənsə, rəsmi matçlarda iştirak etmir.
''Trabzonspor''a qarşı 3:3 bitən son matçdan öncə baş məşqçi Sərgən Yalçın bu futbolçunun adının iştirak ərizəsinə salınmamasına belə aydınlıq gətirmişdi:
''Rafa ilə köməkçilərim danışdı. Bizə hazır olmadığını və heyətdə yer almaq istəmədiyini dedi. Hücumda sıxıntılarımız var. Ona tam olaraq ehtiyac duyduğumuz bir dönəmdəyik. Oynamağa hazır olduğunu söyləsəydi, problemsiz heyətə salardıq''.
Bu arada Portuqaliya mətbuatı Sərgən Yalçının fikirlərinin tam tərsini iddia edib. ''A Bola'' nəşrinin Rafa Silvaya yaxın qaynaqlara əsaslanaraq paylaşdığı xəbərə görə bu futbolçu ''Trabzonspor''la oyundan öncə məşqçilər korpusundan heç kimlə görüşməyib və oynamağa hazır olmadığı fikrini heç kimə deməyib. Qeyd edək ki, təcrübəli futbolçu ən son noyabrın 2-də ''Fənərbaxça'' ilə derbidə meydana çıxıb. 2027-nin yayına qədər müqaviləsi olan və qışda ayrılacağı gözlənilən Silva bu mövsüm 16 rəsmi oyunda iştirak edərək 5 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.