AZ

Zamiq Əliyev “Dinamo”ya qarşı 74 dəqiqə oynadı – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 16-cı turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb.

“Eqnatiya” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:1. Əliyev bu görüşə start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib.

“Eqnatiya” 16 turdan sonra 31 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. Sözügedən komanda 16 oyunda 9 qələbə qazanıb, 4 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. Yarış cədvəlinə 32 xalı olan “Elbasani” rəhbərlik edir.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 54 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Seçilən
17
7
arena.az

10Mənbələr