Almaniyanın Bavariya bölgəsində məktəblilər ölkədə hərbi xidmətə dair qanunun yenilənməsinə qarşı genişmiqyaslı narazılıq bildiriblər.
AzPost xəbər verir ki, dekabrın 5-də Bundestaqda hərbi xidmətin yenilənmiş qaydaları müzakirəyə çıxarılacağı gün yüzlərlə məktəbli dərs prosesinə qatılmayaraq etiraz aksiyasında iştirak etməyi planlaşdırır. Aksiya təşkilatçıları bildirirlər ki, gənclər istənilən formada məcburi xidmətin əleyhinədir və qərarların onların fikirləri nəzərə alınmadan qəbul olunmasından narahatdırlar.
Aksiyalar Münhen, Nürnberq, Auqsburq və Bavariyanın kiçik şəhərlərində keçirilməlidir. Təşkilatçıların müraciətində gənclərin “yarım il kazarmalarda vaxt keçirmək” istəmədikləri, hərbi hazırlığın onların gələcəyinə təhlükə yaratdığı qeyd olunur. Onlar müharibənin “yaşama əsaslarını dağıtdığını” ifadə ediblər.
Aksiyaya Almaniyanın Təhsil İşçiləri Birliyi də dəstək verib. Bununla belə, Bavariya Mədəniyyət Nazirliyi xəbərdarlıq edib ki, siyasi aksiyalarda iştirak dərsdən yayınma üçün əsas sayıla bilməz və bu səbəbdən dərs buraxılması qadağandır.
Hazırlanmış yeni qanun layihəsi 2026-cı ildən etibarən hərbi uçot elementlərinin bərpasını nəzərdə tutur. Həmin ildən bütün gənclərə xidmətdə iştirak etmək istəyinə dair sorğu vərəqləri göndəriləcək — bu, kişilər üçün məcburi, qadınlar üçün isə könüllü olacaq. Uyğun hesab edilən şəxslər seçim mərhələsinə çağırıla bilərlər.
2027-ci il iyulun 1-dən etibarən 18 yaşlı gənclər üçün tibbi müayinədən keçmək məcburi olacaq. Əgər könüllülər kifayət etməsə, Bundestaq “zəruri xidmət” mexanizmini işə sala və təsadüfi seçimi tətbiq edə bilər.
Hazırda Almaniya Silahlı Qüvvələrinin şəxsi heyəti ardıcıl ikinci il azalır. Hədəf göstərici 203 min nəfər olduğu halda, 2025-ci ilin martına olan məlumata görə, ordunun real sayı təxminən 182 min nəfərdir. Yeni islahatın bu vəziyyəti yaxşılaşdıracağı gözlənilsə də, məktəblilər arasında ciddi narazılıq artıq özünü göstərib.