Almaniyada “ Almaniya üçün Alternativ” (AfD) gənclər təşkilatının yaradılmasına qarşı keçirilən aksiya polislə toqquşmaya çevrilib.
NOCOMMENT.az bildirir ki, bu barədə TASS xəbər verir.
Nəşrin məlumatına görə, bu gün Almaniyada müxalifət hərəkatı sayılan yeni gənclər təşkilatının təsis qurultayının keçirildiyi Gissen şəhərində solçu fəallar küçələrə çıxıb. Mitinqdə 20 minə yaxın insan iştirak edib.
Shot-un məlumatına görə, nümayiş zamanı təxminən 1500 nəfər Schlachthofstrasse yolunu kəsərək polisə daş atmağa başlayıb. Şəhər polisi həmçinin bildirib ki, etirazçılar asayiş keşikçilərini atəşə tutublar. Nəticədə 10-15 polis əməkdaşı yüngül xəsarətlər alıb. Buna cavab olaraq şəhər rəhbərliyi su şırnaqlarından, dəyənəklərdən və bibər qazından istifadə edib.
Bundan əlavə, etirazlar zamanı Bundestaqın AfD üzvü Julian Schmidtin də yaralandığı bildirilir. Onun sözlərinə görə, 20-yə yaxın adam dayanacaqda ona hücum edib.
Almaniya üçün Alternativ (AfD) partiyası müxalifət partiyası hesab olunur. Onlar Almaniyanın hərbiləşdirilməsinə qarşı çıxırlar və Rusiyaya qarşı sanksiyaların ləğvinin tərəfdarıdırlar.
Daha əvvəl sağçı partiyanın lideri Alice Weidel Almaniya kansleri Fridrix Mersi NATO-nun Kiyev üçün təhlükəsizlik zəmanətlərini dəstəklədiyinə görə tənqid edib.