AZ

Səudiyyə Ərəbistanı ABŞ-ın NATO-dan kənarda əsas müttəfiqi oldu

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Səudiyyə Ərəbistanına Vaşinqtonun əsas qeyri-NATO müttəfiqi statusu verdiyini və krallıqla strateji müdafiə müqaviləsi imzaladığını açıqlayıb.

Musavat.com xəbər verir ki, Tramp bunu Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl-Səudun Vaşinqtona səfəri münasibətilə Ağ Evdə keçirilən şam yeməyində edib:

"Sizə məmnuniyyətlə bildirmək istəyirəm ki, Səudiyyə Ərəbistanını rəsmi olaraq NATO-ya üzv olmayan əsas müttəfiq kimi qəbul etməklə hərbi əməkdaşlığımızı yeni səviyyəyə qaldırırıq. Bu, onlar üçün çox vacibdir. Bunu sizə indi deyirəm, çünki bu kiçik sirri bu gecəyə qədər saxlamaq istədim".

"Bu, sizin üçün bu gün daha bir qələbədir", - deyə Tramp vəliəhdə müraciət edərək bildirib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, iki tərəf "tarixi əhəmiyyətli strateji müdafiə müqaviləsi imzalayıblar". O, təfərrüatları açıqlamayıb.

Vaşinqtonun NATO-ya üzv olmayan əsas müttəfiqləri arasında digər ölkələrin də yer alması ABŞ-ın onlarla hərbi əməkdaşlığını asanlaşdırır. Bu status qarşılıqlı müdafiə öhdəliklərini əhatə etmir.

"Bloomberg" bu ayın əvvəlində mənbələrə istinadən Ər-Riyadın əvvəllər Qətərə verilənlərə bənzər təhlükəsizlik zəmanətləri ala biləcəyini bildirmişdi. Sentyabrın sonlarında Tramp ABŞ-ın Qətərin ərazisinə, suverenliyinə və əsas infrastrukturuna qarşı hər hansı bir silahlı hücumu ABŞ-ın sülh və təhlükəsizliyinə təhdid hesab edəcəyini bildirən bir sərəncam imzaladı. Belə bir hücum halında, Vaşinqton "diplomatik, iqtisadi və zəruri hallarda hərbi əməliyyatlar da daxil olmaqla müvafiq tədbirlər görəcək".

Qeyd edək ki, vəliəhd şahzadənin səfəri zamanı ABŞ və Səudiyyə Ərəbistanı mülki nüvə enerjisi əməkdaşlığı ilə bağlı danışıqları yekunlaşdıran Birgə Bəyannamə imzalayıblar. Sənədə görə, Amerika şirkətləri bu sahədə Krallığın prioritet tərəfdaşları olacaq. Həmçinin vurğulanır ki, "əməkdaşlıq ciddi yayılmama standartlarına uyğun olaraq həyata keçiriləcək".

Bundan əlavə, dövlət başçıları ABŞ-Səudiyyə Ərəbistanı müdafiə tərəfdaşlığını gücləndirməyi və "Yaxın Şərqdə çəkindirməni və təhdidlərə qarşı mübarizəni gücləndirməyi" hədəfləyən Strateji Müdafiə Sazişi (SDA) imzalayıblar.

Səudiyyə Ərəbistanı həmçinin ABŞ-a investisiyaları təxminən 1 trilyon dollara çatdırmağı öhdəsinə götürüb.

Nəhayət, Krallıq üçün böyük hərbi alışlar, o cümlədən F-35 qırıcı təyyarələrinin və təxminən 300 Amerika tankının potensial tədarükü barədə razılığa gəlinib.

Musavat.com

Seçilən
86
9
musavat.com

10Mənbələr