BAKI, 15 noyabr. TELEQRAF
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda külək elektrik stansiyalarında 73,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 61,2% çoxdur.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ölkədə ümumilikdə 22 milyard 553,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6% çoxdur. İstehsalın 21 milyard 800,7 milyon kilovat-saatını əmtəəlik elektrik enerjisi təşkil edib.
İstilik elektrik stansiyalarında istehsal 18 milyard 673,7 milyon kilovat-saat olub və bu sahədə cüzi artım (0,3%) qeydə alınıb. Tullantıların yandırılmasından əldə edilən elektrik enerjisi isə 159 milyon kilovat-saata bərabər olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,5% azdır.
Su elektrik stansiyalarında enerji istehsalı 2 milyard 521,2 milyon kilovat-saat olub. Bu səhədə istehsal ötən ilin müvafiq dövrü ilə bərabər olub.
Günəş elektrik stansiyalarında istehsal 532,3 milyon kilovat-saat təşkil edib ki, bu da illik müqayisədə 9,5% artıma bərabərdir.
Qeyd edək ki, hesabat dövründə suyun təmizlənməsi və bölüşdürülməsi üzrə 605 milyon kub metr həcmində məhsul istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 24,5% çoxdur.