AZ

İraq vətəndaşlarının Azərbaycana gəlməsinə heç bir maneə yoxdur

Son günlərdə bəzi media orqanlarında Azərbaycana turizm məqsədilə səfər etmək istəyən İraq vətəndaşlarının çətinliklərlə üzləşdiyi barədə bəzi iddialar yayılıb. Bu iddiaların heç bir əsası yoxdur və həqiqəti əks etdirməyən belə məlumatların yayılması yanlışdır. Bu barədə Azərbaycanın İraqdakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, İraq vətəndaşlarının, o cümlədən bu ölkədəki digər əcnəbi və vətəndaşlığı olmayan şəxslərin turizm məqsədli viza müraciətlərinin qəbulu 2024-cü il iyulun 10-dan etibarən “VFS Global” şirkətinin Bağdad şəhərindəki ofisinin “Azərbaycan Viza Müraciətləri Mərkəzi” tərəfindən təşkil olunur. Azərbaycana səfər etmək istəyən hər bir İraq vətəndaşı viza rəsmiləşdirilməsi barədə zəruri məlumat əldə etmək məqsədilə ölkəmizin İraqdakı səfirliyi üçün fəaliyyət göstərən sözügedən “Viza Mərkəzi”nə müraciət edə bilər. 

Mərkəzin fəaliyyətinə Azərbaycanın İraqdakı səfirliyi və “VFS Global” şirkətinin baş ofisi tərəfindən ciddi nəzarət edilir, həmin mərkəzin fəaliyyəti üzrə mütəmadi əsasda monitorinq aparılır. Bununla yanaşı, müvafiq sahə üzrə şəffaflığın təmin edilməsi məqsədilə İraqda mənfi reputasiyaya malik turizm şirkətlərindən sənədlərin qəbul edilməsi qadağan olunub. 

Aparılmış tədbirlər nəticəsində ölkəmizə turizm məqsədilə səfər etmiş İraq vətəndaşlarının sayında ciddi artım müşahidə olunmaqdadır. Belə ki, 2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycan ilə İraq arasında birbaşa uçuşların olmadığına və bu ilin iyun ayında İraqın hava məkanının bağlı olmasına baxmayaraq, cari il oktyabrın 27-dək səfirlik tərəfindən 5904 müraciət qəbul edilib. Bunlardan 5650 viza rəsmiləşdirilib (2024-cü il ərzində 4800 viza müraciəti qəbul edilib).

XQ

 

Seçilən
12
21
xalqqazeti.az

10Mənbələr