AZ

Azərbaycana gələn İraq vətəndaşlarının çətinliklərlə üzləşdiyi iddialarına aydınlıq gətirildi


Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycana turizm məqsədilə səfər etmək istəyən İraq vətəndaşlarının çətinliklərlə üzləşdiyi barədə bəzi iddialar yayılıb.

Azərbaycanın İraqdakı Səfirliyindən bildirilib ki, bu iddiaların heç bir əsası yoxdur və həqiqəti əks etdirməyən bu kimi məlumatların yayılması yanlışdır.

Qeyd olunub ki, İraqda viza müraciətlərinin qəbulu və emalı prosesinin sürətləndirilməsi, ölkəmizə turizm məqsədilə səfər etmək istəyən İraq vətəndaşlarına daha keyfiyyətli xidmətin göstərilməsi, viza rəsmiləşdirilməsi məqsədilə saxta sənədlərlə müraciət edən şəxslərlə mübarizənin gücləndirilməsi məqsədilə Xarici İşlər Nazirliyi ilə müvafiq sahə üzrə ən irimiqyaslı beynəlxalq şirkət olan “VFS Global” arasında Anlaşma Memorandumu imzalanıb:

“Bu memoranduma uyğun olaraq İraq vətəndaşlarının, o cümlədən bu ölkədəki digər əcnəbi və vətəndaşlığı olmayan şəxslərin turizm məqsədli viza müraciətlərinin qəbul edilməsi 10 iyul 2024-cü il tarixindən etibarən “VFS Global” şirkətinin Bağdad şəhərindəki ofisinin “Azərbaycan Viza Müraciətləri Mərkəzi” tərəfindən təşkil olunur. Ölkəmizə səfər etmək istəyən hər bir İraq Respublikası vətəndaşı viza rəsmiləşdirilməsi barədə zəruri məlumat əldə etmək məqsədilə Azərbaycanın İraqdakı Səfirliyi üçün fəaliyyət göstərən sözügedən “Viza Mərkəzi”nə müraciət edə bilər”.

Vurğulanıb ki, Azərbaycanən İraqdakı Səfirliyi və “VFS Global” şirkətinin Bağdad şəhərindəki ofisinin “Azərbaycan Viza Müraciətləri Mərkəzi” tərəfindən İraq vətəndaşlarının viza müraciətləri ilə bağlı sənədlərin qəbulu, icraatı və təhvil verilməsi Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mərkəz çərçivəsində bütün xidmətlər Anlaşma Memorandumunda müəyyən edilmiş vahid xidmət haqqları əsasında təşkil olunur.

“Mərkəzin fəaliyyətinə Azərbaycanın İraqdakı Səfirliyi və “VFS Global” şirkətinin baş ofisi tərəfindən ciddi nəzarət edilir, həmin mərkəzin fəaliyyəti üzrə mütəmadi əsasda monitorinq aparılır.

Bununla yanaşı, müvafiq sahə üzrə şəffaflığın təmin edilməsi məqsədilə İraqda mənfi reputasiyaya malik turizm şirkətlərindən sənədlərin qəbul edilməsi qadağan olunub.

Aparılmış sözügedən tədbirlər nəticəsində ölkəmizə turizm məqsədilə səfər etmiş İraq Respublikası vətəndaşlarının sayında ciddi artım müşahidə olunmaqdadır.

Belə ki, 2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycanla İraq arasında birbaşa uçuşların olmadığına və bu ilin iyun ayında İraqın hava məkanının bağlı olmasına baxmayaraq, 2025-ci ilin 27 oktyabr tarixinədək Səfirlik tərəfindən 5 904 müraciət qəbul edilib. Bunlardan 5 650 viza rəsmiləşdirilib (2024-cü il ərzində 4 800 viza müraciəti qəbul edilib).

Mətbuat vasitəsilə şikayət edən şirkətlər tərəfindən nə ölkəmizin İraqdakı Səfirliyinə, nə də “Viza Mərkəzinə” hər hansı müraciət təqdim edilməyib. Şikayətdə adı hallanan “Alkaither” şirkəti Azərbaycan kütləvi informasiya vasitələrində onun adından yayılan müraciətin saxta olduğunu bildirərək Azərbaycana səfər etmək istəyən İraq vətəndaşlarının viza müraciətləri ilə bağlı hər hansı çətinliyin müşahidə olunmadığı barədə məlumat verib.

Müvafiq sahə üzrə daxil olan bütün müraciətlər, o cümlədən şikayətlər Xarici İşlər Nazirliyi və Səfirlik tərəfindən ciddi yoxlanılır və yoxlama nəticəsində müvafiq nöqsanlar qeydə alındıqda onların aradan qaldırılması üçün zəruri tədbirlər görülür”, - deyə məlumatda qeyd edilib.

ZÜMRÜD

Seçilən
13
18
baki-xeber.com

10Mənbələr