AZ

Səfirlik Azərbaycana səfər etmək istəyən İraq vətəndaşlarının çətinliklərlə üzləşməsi barədə yayılan məlumatlara aydınlıq gətirib

Son günlərdə bəzi media orqanlarında Azərbaycana turizm məqsədilə səfər etmək istəyən İraq vətəndaşlarının çətinliklərlə üzləşdiyi barədə bəzi iddialar yayılıb. Bu iddiaların heç bir əsası yoxdur və həqiqəti əks etdirməyən belə məlumatların yayılması yanlışdır.

İraqda viza müraciətlərinin qəbulu və emalı prosesinin sürətləndirilməsi, ölkəmizə turizm məqsədilə səfər etmək istəyən İraq vətəndaşlarına daha keyfiyyətli xidmətin göstərilməsi, viza rəsmiləşdirilməsi məqsədilə saxta sənədlərlə müraciət edən şəxslərlə mübarizənin gücləndirilməsi məqsədilə Xarici İşlər Nazirliyi ilə müvafiq sahə üzrə ən irimiqyaslı beynəlxalq şirkət olan “VFS Global” arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə AZƏRTAC-a Azərbaycanın İraqdakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, bu memoranduma uyğun olaraq, İraq vətəndaşlarının, o cümlədən bu ölkədəki digər əcnəbi və vətəndaşlığı olmayan şəxslərin turizm məqsədli viza müraciətlərinin qəbulu 2024-cü ilin iyulun 10-dan etibarən “VFS Global” şirkətinin Bağdad şəhərindəki ofisinin “Azərbaycan Viza Müraciətləri Mərkəzi” tərəfindən təşkil olunur. Azərbaycana səfər etmək istəyən hər bir İraq vətəndaşı viza rəsmiləşdirilməsi barədə zəruri məlumat əldə etmək məqsədilə ölkəmizin İraqdakı səfirliyi üçün fəaliyyət göstərən sözügedən “Viza Mərkəzi”nə müraciət edə bilər.

Azərbaycanın İraqdakı Səfirliyi və “VFS Global” şirkətinin Bağdad şəhərindəki ofisinin “Azərbaycan Viza Müraciətləri Mərkəzi” tərəfindən İraq vətəndaşlarının viza müraciətləri ilə bağlı sənədlərin qəbulu, icraatı və təhvil verilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mərkəz çərçivəsində bütün xidmətlər Anlaşma Memorandumunda müəyyən edilmiş vahid xidmət haqqları əsasında təşkil olunur.

Mərkəzin fəaliyyətinə Azərbaycanın İraqdakı səfirliyi və “VFS Global” şirkətinin baş ofisi tərəfindən ciddi nəzarət edilir, həmin mərkəzin fəaliyyəti üzrə mütəmadi əsasda monitorinq aparılır.

Bununla yanaşı, müvafiq sahə üzrə şəffaflığın təmin edilməsi məqsədilə İraqda mənfi reputasiyaya malik turizm şirkətlərindən sənədlərin qəbul edilməsi qadağan olunub.

Aparılmış tədbirlər nəticəsində ölkəmizə turizm məqsədilə səfər etmiş İraq vətəndaşlarının sayında ciddi artım müşahidə olunmaqdadır. Belə ki, 2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycan ilə İraq arasında birbaşa uçuşların olmadığına və bu ilin iyun ayında İraqın hava məkanının bağlı olmasına baxmayaraq, cari il oktyabrın 27-dək səfirlik tərəfindən 5904 müraciət qəbul edilib. Bunlardan 5650 viza rəsmiləşdirilib (2024-cü il ərzində 4800 viza müraciəti qəbul edilib).

Mətbuat vasitəsilə şikayət edən şirkətlər tərəfindən nə ölkəmizin İraqdakı səfirliyinə, nə də “Viza Mərkəzi”nə hər hansı müraciət təqdim olunmayıb. Şikayətdə adı hallanan “Alkaither” şirkəti Azərbaycan mediasında onun adından yayılan müraciətin saxta olduğunu bildirərək, ölkəmizə səfər etmək istəyən İraq vətəndaşlarının viza müraciətləri ilə bağlı hər hansı çətinliyin müşahidə olunmadığı barədə məlumat yayıb.

Müvafiq sahə üzrə daxil olan bütün müraciətlər, o cümlədən şikayətlər Xarici İşlər Nazirliyi və səfirlik tərəfindən ciddi yoxlanılır, yoxlama nəticəsində müvafiq nöqsanlar qeydə alındıqda onların aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Seçilən
19
18
azerbaijan-news.az

10Mənbələr