Oktyabrın 27-si Türkiyənin Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.
Senzor.az bildirir ki, Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsindən (AFAD) yayılan açıqlamaya əsasən, yeraltı təkanların episentri Balıkesirin Sındırqı rayonudur.
Yerli vaxtla saat 22:48-də meydana gələn zəlzələ başda İstanbul olmaqla bir çox bölgədə hiss edilib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, ilkin məlumata görə, zəlzələ zamanı üç ev və iki iş yeri dağılıb.
İndiyədək insan itkisinin qeydə alınmadığı vurğulanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında sahə araşdırmalarının davam etdiyini, prosesi yaxından izlədiyini bildirib.
Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu zəlzələdən sonra sosial mediada açıqlama verərək ölkənin bütün qurumlarının koordinasiyalı şəkildə prosesi yaxından izlədiklərini, indiyədək nazirliyin bölmələrinə hər hansı bir mənfi hal barədə məlumatın daxil olmadığını bildirib.
AFAD-ın açıqlamasında isə zəlzələdən sonra Türkiyənin Fəlakətə Müdaxilə Planının (TAMP) işə salındığını, bütün işçi qruplarının təcili şəkildə AFAD-a çağırıldığını, bütün məsul qruplarla birlikdə sahə araşdırmalarını davam etdirdikləri bildirilir.
AFAD açıqlamasında əhaliyə bölgədəki zərər görmüş binalara qətiyyən daxil olmamaları, riskli binaların yaxınlığında dayanmamaları, əlaqəni qısa mesaj (SMS) və ya mesajlaşma proqramları vasitəsilə saxlamaları və rəsmi qurumların xəbərdarlıqlarını izləmələri ilə bağlı xəbərdarlıq edib.
İstanbul Valiliyi açıqlama verərək indiyədək şəhərdə hər hansı bir zərər barədə məlumatın daxil olmadığını, əlaqədar qurumların gecə boyu işlərini davam etdirəcəklərini bildirib.