Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İlk dəfə dənizkənarı parkda görmüşdüm, xaricdən gətirilən kaktusun yarpaqlarına adını cızmışdı kimsə. Bir kaktus ləçəyinin üzərində Samir yazılmışdı. Sonra Qobustana çəkilişi getdiyim zaman qayalarda olan köhnə təsvirlərin yanında, yenə kimlərsə adlarını daşla cızmışdı Əli-Vəli və...
Şuşada da eyni halı gördüm. Bu günlərdə isə Mərdəkan qəsrinin divarlarında insanların adlarını daşlara cızdığını gördüm: Əkbər... Çox maraqlıdır, görəsən adını qala divarına yazarkən Əkbərin əsas məqsədi nə idi? Hər halda adının I Axsitanla eyni çəkiləcəyini və yaxud tarixə tarixi şəxsiyyət kimi düşəcəyini düşünmürdü. Axı, biz nə bilək Əkbər kimdir?!
Düşünürəm ki, tarixi abidələrə, gül-çiçəyə, şəhidlərin qanı axmış torpaqlarda olan daşlara, divarlara, qayalara, ya da Qobustana - istənilən hansısa tarixi abidəyə ad yazmaqla heç nə dəyişmir. Həmin adları biz orada görəndə sadəcə təəssüf hissi keçiririk və düşünürük ki, görəsən, bu insanlar hansı düşüncənin sahibidir ki, adını hara gəldi yazır?!
Hər zaman bu addımı atmaq istəyənlər özünə bir sual versin: "Axı, mən kiməm? Mən adımı niyə bura yazıram? Mən kimə lazımam ki, adımı daşa-divara yazıram". Ya da bir qədər ağıllı düşünə bilsə, başa düşəcək ki, hansısa daşı, qayanı, gülü, çiçəyi çızıb adınızı yazmaqla onlara zərər verdiyini bilər.
Bilirəm, başa düşmək çətindir. Çünki başa düşmək qabliyyəti olan insanlar onsuz da belə addım atmır. Qeyd edim ki, bu davranışınız sadəcə mədəniyyətsizlikdir...
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.